“Bir penalti ilə millinin qapıçısı məsələsi həll edilmir” – Səlahət Ağayev

"İnter"in qapıçısı Səlahət Ağayevin müsahibəsi:

 

- Mövsümə uğurlu start verdiniz və Avrokuboklardakı təmsilçilərimizdən “Qəbələ”dən də xal almağı bacardınız. Oyun haqda nə deyə bilərsiniz?

- Gördüyünüz kimi, bu cür hava şəraiti oyuna mənfi təsir edir. Belədə oynamaq çox çətindi. Heç-heçəlik oyun idi. Komandalar hərəyə 1 xal qazandı. Normaldı.

 

- Penalti epizoduna ən yaxın siz idiniz. Referi düzgün qərar vermişdi?

- Qarşımda qarışıqlıq yaranmışdı. Üç-dörd futbolçu var idi, ona görə tam görə bilmədim. Yan-xətt hakimindən xəbər aldım, o da təsdiqlədi ki, referi düzgün qərar qəbul edib.

 

- Zərbənin istiqamətini müəyyənləşdirmişdiniz, yoxsa təsadüfən qaytardınız?

- Bunu əvvəlcədən demək olmur. Adətən penaltilərin 99 faizi qol olur. Qapıçının onu qaytarmaq şansı 1 faizə bərabərdi. Mən də işimi gördüm.

 

- Nika Kvekskveri ilə əvvəl bir komandada oynamağının təsiri oldumu?

- Belə deməzdim. Futboldu, o həmin cinaha vurdu, mən də uzanıb çıxardım. Ora vuracağını əvvəlcədən bilmirdim.

 

- Əsas millinin “1 nömrə”si hesab edilən Kamran Ağayev klubsuzdu və formada deyil. San Marino ilə oyunöncəsi millidəki yerinizi təmin etdiyinizi demək olarmı?

- Bu, mənim yox, baş məşqçinin verəcəyi qərardı. Futbolçu kimi işim komandama kömək etməkdi. Baş məşqçinin əvəzinə qərar qəbul edə bilmərəm.

 

- Amma penaltini dəf etməyiniz həlledici ola bilər...

- Bir penalti ilə millinin qapıçısı məsələsi həll edilmir. Təbii ki, ora düşmək üçün əlimizdən gələni edirik.

 

- Artıq iki tur arxada qalıb və millinin baş məşqçisi Robert Prosineçki stadionlarda gözə dəymir. Belədə seçimin ədalətli olacağına inamınız nə dərəcədədi?

- Millinin baş məşqçisi, baş məşqçinin də köməkçiləri var. Nəyin, necə olacağını deyə bilmərəm. Bu, onların işidi. Prosineçki gəlmir, amma köməkçiləri bütün oyunları izləyirlər.

 

- “Qarabağ” üzərində qazanılan qələbədən sonra “İnter”in daha yaxşı başlanğıc etdiyini demək mümkündürmü?

- Ötən il məğlub olmuşduq. Əlbəttə, qələbə ilə başlamaq komandaya müsbət təsir edə bilər. Finişə avrokuboklara vəsiqə verən yerlərdən birini tutaraq çatmaq istəyirik.(Apasport)