"Çox təəssüf ki, "Xəzər Lənkəran” artıq yoxdur" - Skarlatake
"İnter"in rumıniyalı futbolçusu Adrian Manuel Skarlatakenin müsahibəsi:
- İlk turda "Qarabağ”ı məğlub etdiniz, ikinci turda isə "Qəbələ”dən xal aldınız. "Qəbələ” ilə oyunu necə şərh edə bilərsiniz?
- Hava şəraiti əlverişli deyildi, həddindən çox isti idi. Bu, meydanda mübarizə aparan hər iki komandaya mane olurdu. Düşünürəm ki, oyunun nəticəsi ədalətli idi. Pis nəticə qazanmamışıq.
- Mövsümün ilk iki oyunundan sonra aktivinizdə 4 xal var. Nəticələri necə hesab edirsən?
- Əlbəttə, rəqiblərimizə nəzər yetirəndə, yaxşı nəticə hesab olunmalıdı. Nəzərə almaq lazımdır ki, rəqiblərimiz "Qarabağ” və "Qəbələ” komandaları olub. Bizi çox uzun marafon gözləyir. Hələ çempionatın ilk turlarıdır və daha da yaxşı oyunlar oynamağa çalışacağıq.
- "İnter” yay transfer dönəmində heyətini bir neçə futbolçu ilə gücləndirib. Bu mövsüm komandanızın qarşısında duran məqsəd nədir?
- Əlbəttə, istəyirik ki, mövsümü yaxşı keçirək. Mövsümü ilk üçlükdə bitirsək, bunu yaxşı nəticə hesab edəcəyik. Əsas məqsədimiz Avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdır.
- Ötən tur "Qarabağ”la oyunu yadına sal. Hazırda "Qarabağ”ın heyətində top qovan və sabiq komandan "Xəzər Lənkəran”ın tarixinə keçən futbolçuya – Rahid Əmirquliyevə qarşı oynadın. Nə hisslər keçirirsən?
- Rahidi görəndə "Xəzər Lənkəran”dakı günlərimiz yadıma düşdü. Heç vaxt düşünməmişdim ki, nə vaxtsa Rahidə qarşı oynayacağam. O, əsl peşəkar futbolçu və nümunəvi kapitan idi. Futbolçu keyfiyyətlərini kənara qoyaq, Rahid həm də yaxşı insan idi. Çox təəssüf ki, "Xəzər Lənkəran” artıq yoxdur. Mən ağlıma gətirə bilmirəm ki, belə bir klub yoxdur.(sportal.az)