Şahin Diniyev: "3-cü 45 dəqiqə olsaydı..."

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Olimpsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"İlk hissədə oyun yox idi. Bu da hava şəraiti ilə əlaqədar idi. Avropa Liqasındakı oyunlardan sonra köklənmədə problem yaşadıq. Qol epizodlarından istifadə edə bilmədik. Bəxtimiz gətirmədi. 3-cü 45 dəqiqə olsa, daha yaxşı ola bilərdi. AZAL yaxşı komandadı. Səhvlərimiz üzərində işləyəcəyik. Sevindirici haldı ki, futbolçularım təzyiq edə bilir. Özümüzdən çox azarkeşlərmizə görə narahat olduq ki, belə istidə qol görmədi".  

-Projektor olmadığı üçün oyunları günorta keçirirsiniz. Bu məsələ həll edənə kimi yenidən Bakıya köçməyiniz mümkündürmü?  

-Bu oyun 18:00-da təşkil edilsəydi, yaxşı olardı. Amma bu, bizim səlahiyətimizdə deyil. Gəncə bizim evimizdi, burada oynamaq bizim üçün daha rahatdı. Burada hər şəraitdə oynamalıyıq. Düzdü, hava çox isti idi. Bu havada ölüm hadisəsi ola bilərdi.  

-Qələbənizə hava şəraiti mane oldu, ya hakimlər?

 -Fikrimcə, əsas problemimiz isti havadı. İlk hissədə gözlədik ki, fasilədən sonra kölgə düşsün.

 -Ebahın problemi var?  

-Fikrimcə, ona bir qol lazımdı ki, özünəinam qayıtsın. O, keyfiyətli hücumçudu. Qol vursa, özünə gələcək. Psixoloji amildi. (futbolino.az)