"Çempionatda 4-5-ci yerlərdən birini tutacağıq”.-Aqil Məmmədov

"Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk turda "Neftçi”yə məğlub olsaq da, komanda toparlanıb, birlik, mübarizlik əzmi nümayiş etdirdi”.

 

Olimpsport.az xəbər verir ki, bu sözlər AZAL-ın qapıçısı Aqil Məmmədova məxsusdu.
 
AZAL Azərbaycan Premyer Liqasının II turunda "Kəpəz”lə səfərdə heç-heçə edib – 0:0. Təcrübəli qapıçı gəncəlilərlə heç-heçəni müsbət nəticə sayır: "Hava çox isti olduğundan oyun ritmik alınmadı. Evdə həmişə yaxşı oynayan "Kəpəz”lə Gəncədə heç-heçə etmək çox yaxşı nəticədir. Bundan sonra "Zirə”ylə görüşü fikirləşəcəyik. Həmin qarşılaşmada mövsümdə ilk qələbəmizi qazanmağa çalışacağıq. Turdan-tura futbolçularımız daha yaxşı oynayacaq”.
 

Aqil "Kəpəz”in mübahisəli epizodda penalti istəməsini əsassız sayır:

 

"Dario Fredreriko həmin epizodda özünü yerə atdı. Halbuki yıxılmasaydı, təkbətək çıxa bilərdi. Orda penalti olduğunu düşünmürəm. Sadəcə, Dario özünü yerə atdı. Vəssalam”.
 

Yeni komandasına tam uyğunlaşdığını deyən Məmmədov "təyyarəçilər”in mövsümü ön sıralarda başa vuracağına inanır:

 

"Çox yaxşı komandamız var. Tərlan müəllim çox yaxşı kollektiv qurub. İnşallah, çempionatda 4-5-ci yerlərdən birini tutacağıq”.
 

Aqil "Neftçi”də oynadığı müddətdə "Neftçi”nin AZAL-a məğlub olmasını ölümdən betər adlandırmışdı. Bu gün AZAL-ın şərəfini qoruyan qolkiper sözünün üstündə durduğunu deyib:

 

"Mən həmin sözü o gün üçün demişəm. Sözümün üstündəyəm və heç vaxt dediyimdən qaçmamışam. Həmin  vaxt "Neftçi”də işlər qaydasında getmirdi, bir neçə oyunda uduzmuşduq və azarkeşlər bizdən üz döndərmişdi. Həmin müddətdə rəhbərlik bizə çox dəstək olmuşdu. Bu xal itkiləri bizə çox pis təsir etmişdi və buna görə  həmin sözləri işlətmişdim. Təkrar edirəm,mən yenə də sözümün üstündəyəm. Bu gün burdayam və sabah başqa komandada oynaya bilərəm. Sadəcə, reallıqla barışmaq lazımdır ”.(sportal.az)