""Neftçi”nin yetərincə gücü var"-Denilson Pereyra
Azərbaycan Premyer Liqasının II turunda "Neftçi” "Zirə”yə 1-0 hesabıyla məğlub olub.Bu qarşılaşma "Neftçi”nin yeni transferi Denilson Pereyra üçün əlamətdar olub. Braziliyalı hücumçu "Zirə” ilə oyunda "Neftçi”nin heyətində debüt edib.
O, matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Olimpsport.az həmin müsahibəni təqdim edir:
- "Neftçi" niyə uduzdu?
- Böyük oyun idi. Bizim qol vurmaq üçün çox şanslarımız var idi. Təəssüf ki, qolu biz yox, rəqib komanda vurdu. İkinci hissədə hücumda yaxşı çıxış edə bilmədik və bunun nəticəsində də məğlub olduq”.
- "Neftçi”nin heyətində ilk oyununa çıxdın. Ümumiyyətlə, Azərbaycan çempionatı ilə bağlı fikirlərin necədir?
- Düşünürəm ki, Azərbaycan çempionatında mübarizə aparan komandalar çox güclüdürlər. Çalışacağıq ki, onlara qarşı mübarizə aparaq və qalib gəlməyi bacaraq.
- "Neftçi”yə gələndə özün üçün keçilməz olacaq müdafiəçilərlə qarşılaşacağını düşünürdünmü?
- Qarşımızdakı komandanın çox güclü olduğunu düşünmürəm. Mən deyərdim ki, "Neftçi”nin yetərincə gücü var. Güclü kollektivik. İstənilən komandaya qalib gələ bilərik.
- Komandanızın güclü olduğunu dedin. Qol vurmağa nə mane oldu?
- Rəqibin oyununda daha çox birlik var idi. Biz tam qarşıya çıxıb top ala bilmirdik. Yəni, rəqib bizi topsuz qoymağı bacarmışdı. Onlar kollektiv futbol oynayırdı. Əsl problem bunda idi.
- Hiss olunur ki, yeni komandada anlaşma problemləri var. Öz oyununu sübut etmək üçün nə qədər vaxta ehtiyacın var?
- Özümü fiziki cəhətdən yorğun hiss edirəm. Ancaq növbəti həftədən çalışacam ki, tam gücümü yığım və komandama kömək etməyi bacarım.