""Qarabağ" "Real" deyil ki..."- Katalin Tira
Topaz Premyer Liqasının II turunda “Zirə” ilə (0:1) qarşılaşmadan sonra “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira jurnalistlərin suallarını cavablandırıb:
- Topaz Premyer Liqasının II turunda “Zirə” ilə (0:1) oyunda məğlubiyyətə nə səbəb oldu?
- Təəssüf ki, bizim üçün çox pis oyun keçdi. Əslində, ilk hissə komandamızın üstünlüyü şəraitində keçdi. Qol vəziyyətləri də yaratdıq. İkinci hissədə düşünürdük ki, qol vura biləcəyik. Amma təəssüf ki, alınmadı. Artıq bunu unudub, növbəti matç barədə düşünməliyik. Yaxşı köklənməliyik ki, uğurlu nəticə əldə edək.
- Çoxları bu dəfə start heyətində meydana çıxacağınızı gözləyirdi, amma yenə ehtiyatdan başladınız. 90 dəqiqə mübarizə aparmağa hazır deyilsiniz?
- Düşünürəm ki, gələn görüşə tam hazır olacam. İnanıram ki, baş məşqçi bu dəfə mənə ilk dəqiqələrdən şans verər. Bunun üçün əlimdən gələni edəcəm.
- İkinci hissədə 3 hücumçu ilə oynasaz da, irəlidə heç nə ilə yadda qalmadınız. Bu, rəqibin yaxşı müdafiə olunmasından, yoxsa sizin ön xətdə zəif çıxışınızdan qaynaqlandı?
- Komandada yer alan bütün hücumçular çalışırdılar qol vursunlar. Mən digərlərinin adından danışa bilmərəm. Təəssüf ki, bizim qol axtarışında olduğumuz vaxt rəqib hesabı açdı və bunu da sona qədər qorudu.
- Son dəqiqələrdə fəal olmadığı üçün komanda yoldaşınız Denilson Pereyranın üstünə qışqırdınız və irəlidə tək pressinq etməyə başladınız...
- Problem Denilsonda deyildi. Hirsli olmağımın onunla əlaqəsi yoxdu. Ona əsəbləşmişdim ki, biz daha yaxşı oynaya bilərik. Ən çox özümə əsəbləşmişdim.
- Topaz Premyer Liqasında artıq 2 oyun keçirmisiniz. Çempionatımız barədə nə düşünürsünüz?
- Təbii ki, Premyer Liqa İtaliya, İspaniyadakı çempionatlar səviyyəsində deyil. Daha çox Rumıniya çempionatına bənzəyir.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Rəqib son 3 mövsümün çempionudu və hazırda Avropa Liqasında yoluna davam edir. Bu cür oyunla onlara qalib gələ bilərsinizmi?
- Biz “Real”la yox, “Qarabağ”la oynayacağıq. Yəni "Qarabağ" "Real" deyil ki, ondan çəkinək. Niyə görə də qələbə qazanmayaq. Onlar kimi, biz də futbol oynayırıq. Çalışacağıq uğurlu nəticə əldə edək.