Sadıq Sadıqov "Böyük dəbilqə" beynəlxalq turnirinin nəticələrindən razıdır

  Bakıda ötən gün başa çatan “Böyük dəbilqə” turniri yüksək səviyyədə təşkil olundu. Dünyanın ən güclü cüdoçuları üç gün ərzində Bakı turnirində gərgin idman mübarizəsi apardılar. Bu turnirin Azərbaycan cüdoçuları üçün uğurla başa çatdığını deyə bilərik. Amma nəticələr daha yüksək ola bilərdi. Əsas odur ki, idmançılarımız Tokio Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırdılar. Əminəm ki, kişilərdən ibarət cüdo komandası “Tokio 2020”də tam heyətlə iştirak edəcək. Bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” beynəlxalq cüdo turnirinin yekunları ilə bağlı müsahibəsində deyib. Uşangi Kokaurinin (+100 kq) ciddi zədə üzündən turnirə qatılmadığını vurğulayan vitse-prezident cüdoçunun ikinci Avropa Oyunlarında iştirak edəcəyini bildirib. Elmar Qasımovun (100 kq) çıxışına münasibət bildirən S.Sadıqov cüdoçunun potensialının onun qarşıdakı yarışlarda inamla çıxış edəcəyini deməyə əsas verdiyini vurğulayaraq bildirib: “Elmar Qasımov Tokio Olimpiadasında qələbəyə real namizədlərdən biridir. O, bu turnirlərdə lisenziya xalları toplayır və ümid edirəm ki, olimpiadada öz sözünü deyəcək”. Sadıq Sadıqov qadın cüdoçulardan ibarət milli komandadakı vəziyyətlə bağlı danışarkən deyib: “Qadın cüdoçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunub. Bundan əvvəl yığmaya Natiq Bağırov rəhbərlik edirdi. O da tanınmış mütəxəssislərdən biridir. Onu bu vəzifədə Rəşad Məmmədov əvəzləyib. Qadın yığmamızdan da gözləntilərimiz böyükdür. Tokio Olimpiadasında qadın cüdoçularımızın üç çəki dərəcəsində iştirakını planlaşdırırıq. Artıq qadınlar arasında da perspektivli cüdoçular yetişir. Əvvəl zalda 10-20 qız cüdo ilə məşğul olurdusa, indi onların sayı 80-ə çatır və bu, böyük uğurdur. Qadın idmançıların arasında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və digər gənc cüdoçularımızdan uğurlar gözləyirik. Komanda ilboyu təlim-məşq toplanışlarına qatılır. Ümid edirəm ki, qadın idmançılarımız da ümidləri doğruldacaqlar”.

AZƏRTAC