"Avropa Liqasının qrup mərhələsində çıxış etmək istəyirik"-Rahid Əmirquliyev
“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmiruqliyev müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir:
- “Göteborq”la oyuna hazırsız?
- İsveçə yaxşı nəticə qazanmaq üçün gəlmişik. Düzdür, bizim üçün çətin olacaq. Amma bu oyuna hazırıq.
- Çempionlar liqasında mübarizəni dayandırdıqdan sonra bu oyuna motivasiya olmaq çətin deyil?
- Bizə pis təsir etmişdi. Bu həyatdı. Hər şey davam edir. “Viktoriya” ilə matçı unutmuşuq və bu oyuna köklənmişik. Avropa Liqasının qrup mərhələsində çıxış etmək istəyirik.
- “Göteborq”la “Viktoriya” arasında hansı fərqlər var?
- Deməzdim ki, böyük fərq var. Hər ikisi təcrübəli klubdur. Bu komandaları müqayisə etmək istəməzdim.
- “Qarabağ” qrupa düşmək üçün nə etməlidir?
- Bu, bizim son şansımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün Azərbaycan xalqını sevindirək.
- Çempionata məğlubiyyətlə başlasanız da, "Sumqayıt"a qalib gəldiniz. "İnter"ə məğlubiyyətin səbəbi nə idi?
- Düzdür, çempionata yaxşı başlamadıq. "İnter" bu mövsüm çempionluq üçün mübarizə aparır. Deməzdim ki, həmin oyunda pis oynadıq. Ola bilsin ki, “Viktoriya” ilə oyunun təzyiqi üzərimizdə idi. Amma şükürlər olsun ki, 2-ci turda "Sumqayıt"a qalib gəldik.
- Meydana az çıxmağın zədə ilə bağlıdır?
- Yox, zədə ilə bağlı deyil. Artıq tam olaraq sağalmışam. Ola bilər ki, oyun təcrübəm az olsun. Buna baxmayaraq öz üzərimdə çox işləyirəm. Gələcəkdə komandama faydalı olacağıma inanıram.
- “Qarabağ” İsveçdə böyük coşqu ilə qarşılandı. Təəssüratların necədir?
- Bizim üçün gözlənilməz oldu. Çox sevindirici bir hal oldu. Onları sevindirməyə çalışacağıq. Çox sağ olsunlar.
- "İnter"ə qarşı oyunda “Xəzər Lənkəran”dakı komanda yoldaşın Adrian Skarlatakeyə qarşı oynadın. Skarlatake saytımıza açıqlamasında bildirdi ki, Rahidi görəndə “Xəzər”dəki günlərimiz yadıma düşdü. Bəs, sən nə hisslər keçirdin?
- Skarlatake ilə uzun müddət oynamışam.Onu çoxdan idi ki, görmədim. Çox sevindim ki, o, yenidən ölkəmizə qayıdıb. Skarlatake ilə keçmiş macəralarımızdan danışdıq. Amma söhbət etməyə çox vaxt olmadı. Ona karyerasında uğurlar arzuladım. Yaxşı münasibətimiz var. O, çox yaxşı insandır. Vaxt tapıb Bakıda görüşəcəyik.(Qafqazinfo)