“Hər iki futbolçunu növbəti toplanışa çağıracam” - Prosineçki

“Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm”. Olimpsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında bu günlərdə Azərbaycan vətəndaşlığını alan Ramil Şeydayev və Emin Mahmudov barədə düşüncələrini bildirib. O bildirib ki, onların gələcək karyeraları özlərindən asılıdı: “Ümidvaram ki, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcək. Onları diqqət mərkəzində saxlayacağıq. Ehtiyac yaranarsa, köməkçilərim oyunlarını canlı izləyəcək”.

Prosineçki adıçəkilən oyunçuların hər ikisini millinin növbəti toplanışına dəvət edəcəyini söyləyib: “Milli komandanın avqustun 24-də başlayacaq təlim-məşq toplanışına hər iki futbolçunu dəvət edib, məşq prosesini canlı izləyəcəyəm. Bu futbolçuların milli komandada çıxış etməsi bizim Avro-2020 ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər. İkisi də gəncdi və uzun illər milli komandada çıxış etmələri mümkündü. Hərçənd işimiz bununla kifayətlənməyəcək, gənc oyunçuların axtarışını davam etdirəcəyik”.

Baş məşqçi DÇ-2018-lə bağlı hədəflərindən də söz açıb: “Bizi 2020-ci ildən əvvəl DÇ-2018-in seçmə mərhələsinin oyunları gözləyir. Hələ ki, bütün diqqətimizi bu seçmə mərhələyə yönəltməliyik. İlk oyunumuzu səfərdə San Marino yığmasına qarşı keçirəcəyik. Qrup mərhələsinə uğurlu start vermək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Daha sonra evdə Norveç yığmasını qəbul edəcəyik. Ümid edirəm ki, futbolçularımızdan heç biri zədəli olmayacaq”.

Prosineçki Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək “Qarabağ” və “Qəbələ” klubları barədə də fikir bildirib: “Avrokuboklarda “Qarabağ” və “Qəbələ”yə pley-off mərhələsində keçirəcəkləri oyunlarda uğurlar arzulayıram. İnanıram ki, hər iki komanda uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, azarkeşlərini sevindirəcək. Bu, Azərbaycan futbolu üçün çox vacibdi”.