"Rəqibi düşünəndə sən artıq ona təsir edə bilməzsən" - Darko Milaniç
Sabah UEFA avropa liqasında play-off mərhələsinin ilk oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən "Qəbələ" "Dalğa arena"da Sloveniya təmsilçisi “Maribor”u qəbul edəcək.
Olimpsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Darko Milaniç oyunöncəsi mətbuat konfransında komandasının şanslarını dəyərləndirib: “Bizim məqsədimiz ilk oyunda elə nəticə qazanmaqdı ki, sonda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. Öncədən proqnoz vermək çətindi. Amma ən azından səfərdə 1 qol vurmaq yaxşı olardı. Rəqibimizi tanıyırıq. Onlar bura təsadüfən gəlməyiblər, əksinə, öz yerlərini möhkəmlədiblər”.
- “Qəbələ” “Lill” səddini keçməsəydi, daha güclü komanda ilə qarşılaşa bilərdiniz. Buna görə “Qəbələ”yə təşəkkür düşürmü?
- Mən bunu belə görmürəm. Rəqibi düşünəndə sən artıq ona təsir edə bilməzsən. Hər bir komandaya qarşı ideal şəkildə hazırlaşmaq lazımdı. Biz növbəti qələbə üçün həll yollarını axtarmalıyıq. Əminəm ki, bu işin öhdəsindən gələ bilərik.
- “Maribor”un idman direktoru Zlatko Zahoviç “İnter”lə oyunu izlədikdən sonra bildirmişdi ki, “Qəbələ”nin lideri Filip Ozobiçdi. Bu fikirlə razısınızmı?
- İdman direktorumuz çempionat oyununu izləyib. Həmin görüşdə əcnəbilərin bəziləri iştirak etməyib. Bəlkə də, həmin matça görə düzgün söyləyib. Amma “Qəbələ”nin heyətində kifayət qədər güclü futbolçular var. Onlardan ikisi xüsusi diqətimi çəkir. O oyunçular müntəzəm əsas heyətdə yer alırlar. Bizim işimiz həmin futbolçuları zərərsizləşdirmək olacaq.
- Belə çıxır ki, sabah əsas işiniz müdafiənin qayğısına qalmaq olacaq?
- Xeyr, biz yalnız müdafiə barədə düşünməyəcəyik. Komanda şəklində rəqib üzərində fikrimizi cəmləyəcəyik. Rəqibi meydanda idarə etmək üçün öz strategiymızı müəyyən etməliyik. Matçın gedişinə görə müəyyən dəyşiklik edə bilərik. Bura müdafiə olunmağa gəlməmişik. Özümüz hücum futbolu sevən komandayıq. Vəziyyət tələb edərsə, müdafiəyəmeyilli futbol oynayacağıq.
- Zədəli futbolçularınız varmı?
- Yeni zədəlimiz yoxdu. Yalnız bir oyunçumuz cəzalı durumdadı.
- Püşkatma mərasimindən sonra Roman Qriqorçuk bildirmişdi ki, “Fənərbaxça” ilə düşmək istəyirdik. Onun özünə güvəni sizi qorxutmur?
- Rəqib məşqçinin nə fikirləşdiyi məni maraqlandırmır.