Avropa çempionatında iştirak edəcək güləşçilərimiz məlum olub
OLİMPSPORT xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra ənənəyə uyğun olaraq, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev millilərimizlə görüşüb və onlara məsləhətlərini verib. Qurumun rəhbəri fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına qatılacaq heyəti açıqlayıb, güləşçilərlə bir-bir görüşüb və onlara uğurlar arzulayıb.
Qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) məsul yarışda qüvvəsini sınayacaq.
AÇ-nin son günlərində isə baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıb.
Xatırladaq ki, hal-hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışı keçən qadınlardan ibarət yığmamızın heyəti isə yaxın günlərdə açıqlanacaq.
Yarışın proqramına gəlincə, fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ayın 12-14-ü aralığında qadınlar xalça üzərinə çıxacaq. Fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər çıxış edəcək.
Qeyd edək ki, AÇ-də olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.