Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva güləşçilərimizi təbrik edib

Yunan-Roma güləşi üzrə millimizin İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atması ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, 2 qızıl, 4 bürünc medalla komanda hesabında Avropa 2-cisi olan yığmamızı cənab prezident İlham Əliyev "twitter" səhifəsində təbrik edib: "Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyeva isə "instagram" səhifəsindən təbriklərini çatdırıb: İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr Tarakanov Böyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər: Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov

Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov

Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli

Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev

Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov

İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev".