Güləş üzrə Avropa çempionatı: Ağahüseyn Mustafayev finala vəsiqə qazanıb
OLİMPSPORT xəbər verir ki, beşinci yarış günündə - fevralın 14-də sərbəst güləşçilərin mübarizəsinə start verilib. Güləşçimiz Əfqan Xaşalov (57 kq) startda Fransa idmançısına vaxtından əvvəl qalib gəlsə də, alman rəqibinə 1/4 finalda uduzub.
Püşk Əli Rəhimzadəni (65 kq) startda Olimpiya, dünya və üçqat Avropa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz titullu rəqibi ilə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək böyük hesablı qələbəyə sevinib. Ə.Rəhimzadənin rumıniyalı həmkarı ilə dueli ağır keçib. Son saniyələrdə aldığı xal güləşçimizi yarımfinala yüksəldib. Təmsilçimiz finalın bir addımlığında Belarus güləşçisinə məğlub olub və fevralın 15-də bürünc medal üçün mübarizə aparacaq.
Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı ilə üz-üzə gəlib. Görüş olduqca gərgin və maraqlı keçib. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbə ilə start verib. Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də sıradan çıxaran güləşçimiz yarımfinala adlayıb. A.Mustafayev Moldovadan olan həmkarına da qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Cəbrayıl Həsənov (79 kq) ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni (Gürcüstan) sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Son dəqiqəyə kimi üçqat Avropa çempionumuz hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. C. Həsənovun növbəti görüşü də asan keçməyib. Cəbrayıl Rumıniya güləşçisi ilə mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisinə gücünü göstərən təmsilçimiz yarımfinala vəsiqə qazanıb. Ancaq təcrübəli güləşçimiz Rusiya idmançısına yenilərək finala çıxa bilməyib. Təmsilçimiz fevralın 15-də üçüncü yer üçün güləşəcək.
Nurməhəmməd Hacıyev (97 kq) startda Macarıstan pəhləvanını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda olimpiya, dördqat dünya və üçqat Avropa çempionu Abdulrəşid Sadullayevlə (Rusiya) bacarmayıb. Rəqib finala yüksəldiyi üçün N.Hacıyev fevralın 15-də təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.