İyulun 13-də Dünya Güləş Birliyinin (UWW) növbəti vebinarı baş tutub

İyulun 13-də Dünya Güləş Birliyinin (UWW) növbəti vebinarı baş tutub.

 Mövzusu “COVİD-19 virusunun öhdəsindən gəlmək və yenidən güləşə qayıtmaq” olan vebinarda idman həkimi və bu sahə üzrə alim Babək Şadqan çıxış edərək koronavirusla bağlı detallara toxunub və pandemiya şəraitində güləşçilərin özünü qoruması, eləcə də məşqlərini necə davam etdirmələri ilə bağlı məsləhətlərini çatdırıb.

Doktor Şadqan əvvəlcə koronavirusun ümumi əlamətlərini qeyd edib. Əsas simptomlar hərarət, quru öskürək, boğaz ağrısı, baş ağrısı, yorğunluq və nəfəs darlığıdır. Burun tutulması və iltihabı, əzələ və bədən ağrısı, dad və qoxu bilmə qabiliyyətini itirmə, ürəkbulanma və ya qusma kimi hallar da orqanizmdə COVİD-19-un olmasından xəbər verir. Bundan başqa, ishal, vaskulit (qan damarının iltihabı), qan laxtalanması, yaddaş itkisi, ataksiya (əzələ tonusunun pozulması) və iştahın kəsilməsi koronavirusun fəsadları hesab olunur.

İyulun 11-ə olan statistikaya əsasən, Amerika qitəsində 6,5 milyon, Avropada 2,9 milyon, Aralıq dənizi hövzəsində 1,2 milyon, Cənub-Şərqi Asiyada 1,1 milyon, Afrikada 461 min və Okeaniya ölkələrində 241 min insan bu virusa yoluxub. Yaşlı, immuniteti zəif, xroniki və tənəffüs sistemi xəstəliklərindən, piylənmədən əziyyət çəkən, həddən çox işləyən, məşq edən və yorğun olan insanlar üçün bu virus daha təhlükəlidir. 

COVİD-19 əsasən, 3 yolla insanlar arasında yayılır: 

1. Koronavirusa yoluxmuş insanın öskürməsi və ya asqırması zamanı damcılar vasitəsilə başqasına ötürülür. 

2. Çirklənmiş bir səthə toxunduqdan sonra əli gözə, buruna və ya ağıza toxundurarkən virus orqanizmə daxil olur. 

3. COVID-19 daşıyıcısının yaxınlığında olarkən nəfəs almaqla yoluxma mümkündür.

Doktor Şadqan bildirib ki, hələ koronavirusa qarşı effektiv müalicə üsulu və peyvənd tapılmayıb. Ancaq evdə izolyasiya şəraitində istirahət etmək və müəyyən müalicəvi dərmanlardan istifadə etməklə sağalmaq mümkündür. Xəstə nəfəs almaqda çətinlik çəkərsə, davamlı ağrı və ya sinə təzyiqi olarsa, dodaqlar və ya üz göyərərsə mütləq Təcili Tibbi Yardım çağırılmalıdır.

Virusun yayılmasının qarşısını hansı yollarla almaq olar?

Evdə qalmaq, vacib olmayan ziyarət və səfərlərdən çəkinmək, başqalarıyla mümkün qədər təmasda olmamaq, sosial məsafəni (2 metr) qorumaq, başqa insanlarla əllə görüşməmək, qucaqlaşmamaq və öpüşməmək, şəxsi əşyaları kiməsə verməmək, insanların arasında üz maskasından istifadə etmək yoluxmaların qarşısını alır.COVİD-19 daha çox insanın ağciyərində fəsadlara səbəb olur.

Vebinarda güləşçilərə tövsiyə olunub ki, xəstəlikdən maksimum qorunmaq və bunun qarşısının alınmasıüçün düzgün qidalanma və vitaminlərlə immunitet sistemini gücləndirmək, müntəzəm aerobika məşqləri vacibdir. Bundan başqa, tez-tez 20 saniyə müddətində əlləri yumaq, hər məşqdən əvvəl və sonra duş almaq, məşq avadanlıqlarını (inventarı) məşqdən əvvəl və sonra təmizləmək, eyni qabdan su içməmək və eyni dəsmaldan istifadə etməmək, fasilə zamanı komanda yoldaşlarından və məşqçilərindən müəyyən məsafədə durmaq, məşqdə yalnız bir və sağlam olan idmançıyla güləşmək, son dərəcə ehtiyatlı və məsuliyyətli olmaq, uzun qollu idman geyimindən istifadə etmək lazımdır. 

Sonda mühazirəçi qeyd edib ki, koronavirusun müalicəsi və peyvəndi tapılanadək məşqlərdə məhdud sayda güləşçilər iştirak etməli və onlar maksimum dərəcədə məsuliyyətli və ehtiyatlı olmalıdır.