"Qəbələ" rəqibini darmadağın etdi
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilib. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də qrup mərhələsinə gedən yolda son maneəni dəf etmək üçün ilk qarşılaşmasına çıxıb.
Çətin mübarizənin ilk “raund”unu evdə keçirən Roman Qriqorçukun yetirmələri ötənilki uğuru təkrarlamaq üçün inamlı addım atıblar.
Görüş komandamızın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan əyalət klubu bir neçə epizodda qeyri-dəqiq oynayıb. Buna baxmayaraq, ilk qolu qonaqlar vurub. 17-ci dəqiqədə Tavares fərqlənib. Bundan 20 dəqiqə sonra isə Zenyov hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissəyə də olduqca aktiv başlayan komandamız iki dəqiqəyə fərqi iki topa çatdırıb. Baqali Dabo 50 və 52-ci dəqiqələrdə vurduğu qollarla dubl edib. Oyunun sonuna qədər "Qəbələ" hücumları davam etdirsə də, başqa qol olmayıb və təmsilçimiz 3:1 hesablı inamlı qələbə qazanıb.
Avropa Liqası
Pley-off, ilk oyun
18 avqust
“Qəbələ” – “Maribor” (Sloveniya) - 3:1
Qollar: Zenyov, 37, Dabo, 50, 52 - Tavares, 17
Bakı. “Dalğa Arena” stadionu
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)