"Düşünürdüm ki, oyunu qələbə ilə başa vurmalıyıq"-Roman Qriqorçuk
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” öz meydanında Sloveniyanın "Maribor” komandasını qəbul edib. Oyun "qırmızı qaralar”ın 3-1 hesablı qələbəsiylə başa çatıb.
Olimpsport.az xəbər verir ki, "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
- Hesabda geri düşdükdən sonra özünüzü necə hiss edirdiniz, indi necəsiniz?
- Düşünürdüm ki, oyunu qələbə ilə başa vurmalıyıq. Hiss edirdim ki, təcili qollar vurulmalıdır. İndi də fərqli vəziyyədə deyiləm. Mən və futbolçular növbəti oyunu düşünürük. Tez bir zamanda cavab oyunun hazırlıqlarına başlamalıyıq.
- Hesabı xeyrinizə dəyişəcəyinizə inanırdınızmı?
- Nə hisslər keçirdiyimi deyə bilmirəm. Sadəcə, qələbə qazanmağın vacib olduğunu düşünürdüm.
- Oyunun gedişində Rafael Santosun üstünə daha çox qışqırırdınız. Bu nədən qaynaqlanırdı?
- Bütün futbolçular kimi Rafanı da çox istəyirəm. Onun üstünə qışqırmağımın səbəbi bəzi səhvləri idi. Bunu başa düşdü, amma 10 saniyə sonra yenidən təkrarladı (gülür). Buna baxmayaraq, onu çox istəyirəm.
- Oyununun əvvəlində meydanın mərkəzini rəqibə hədiyyə etmişdiniz. Bu, taktiki gedişidi?
- Xeyr. Qola qədər və ya qoldan sonrakı müddət önəmli deyil. Bir ara rəqib topa daha çox nəzarət etdi. Biz bunu dəyişməyə çalışdıq. Burda bir oyunçunun yox, bütün komandanın üzərinə yük düşür. Bir nəfər səhv edən kimi, mexanizm pozulur. Rəqib ağıllı komandadı, bir səhv etdik, dərhal ondan istifadə etdi. Çox xırda detallara girmək istəmirəm.
- Rəqibin baş məşqçisi vurduğunuz üçüncü qolda qapıçıya qarşı qayda pozuntusu olduğunu söylədi. Sizin buna münasibətiniz necədir?
- Hal-hazırda bu barədə mübahisə edə bilmərəm. Həmin epizoda baxdıqdan sonra nəsə fikir bildirə bilərəm.