"Əlimizdə nə varsa, ondan maksimum istifadə edirik"- Nəcəfov
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Qəbələ" - "Maribor" (3:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Olimpsport.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda fikirləriniz?
- Maraqlı oyun keçdi. Rəqibimiz çox güclü idi. Gözlədiyimizdən də gözəl oyun keçdi. Boşalmaq olmaz. Səfərdəki oyunda bütün suallara aydınlıq gələcək.
- İlk qoldan sonra planların alt-üst olduğunu düşündünüzmü?
- Xeyr, artıq komanda şəklində formalaşmışıq. Qapımızda qol buraxsaq da, özümüzə gəlməyi bacardıq. Artıq eyni üslubda oynayırıq.
- Hücumçu məsələsi həll olunub?
- Xeyr, axtarırıq. Axtarışlarımız davam edir. Əlcəzairli hücumçu ilə son anda anlaşa bilmədik.
- Komanda qrup mərhələsinə düşsə, rəhbərlik kisənin ağzını açacaq?
- Əlimizdə nə varsa, ondan maksimum istifadə edirik. Ola bilər ki, hücumçu transfer edilsin. Klub prezidenti ilə danışacağıq və qərar veriləcək.
- Məhdud heyət və az məbləğlə bu nəticə yaxşıdır?
- Buna kənardan qiymət vermək lazımdır.
- “Sumqayıt”la oyunun təxirə salınması söz-söhbətə səbəb oldu...
- Səfərə getmək üçün az vaxt qalırdı. Heyətimiz kasaddır. Bizi başa düşsünlər.
- Bu gün ilk dəfə “Dalğa Arena”da oynadız. Dəyişikliyi hiss etdiniz?
- Bəli, hiss etdim. 2 çempionat oyunda burda çıxış etmişdik. Hiss olunurdu ki, futbolçular oyunun əvvəlində uyğunlaşma mühitə prosesi keçirdilər.
- Komanda “Qəbələ”yə nə vaxt qayıdacaq?
- Millinin oyunlarından sonra planımız var.