Güləş üzrə Fərdi Dünya Kuboku sona çatıb
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku sona çatıb.
OLİMPSPORT xəbər verir ki, altıncı yarış günündə 61, 65, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əhmədnəbi Qvarzatilov startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Qvarzatilov finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisiylə bacarmayan Əhmədnəbi gümüş medal əldə edib.
Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kq-da son dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən Hacı 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. 3 qat dünya çempionu 1/4 finalda qırğız güləşçiylə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Hacı əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Əliyev bürünc medal üçün Fransa təmsilçisiylə qarşılaşıb və inamlı qələbəylə yarışı 3-cü pillədə başa vurub.
Rəşad Yusifli ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz dekabrın 18-də təsəlliverici görüşlərə çıxıb. Gənc güləşçimiz əvvəlcə Rumıniya güləşçisinə elə ilk hissədə qalib gəlib. Daha sonra Slovakiya idmançısıyla qarşılaşan Rəşad görüş boyunca diqtə edən tərəf olub. Yusifli son saniyələrədək hesabda 3:1 öndə olub. Son anda qarışıq vəziyyət yaranıb və hər iki güləşçi fənd işlədib. Maraqlıdır ki, əvvəlcə güləşçimizin 5:4 hesablı qələbəsini qeydə alan hakimlər qarşı tərəfin atdığı "çelenc"dən sonra fikirlərini dəyişərək slovakiyalı güləşçinin sonuncu xal prinsipinə əsasən qalib gəldiyini elan ediblər. Başqa sözlə, həmyerlimizin son anda işlətdiyi fənd "çelenc"ə baxıldıqdan sonra qeydə alınmayıb.
Abubakr Abakarov startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda İspaniya idmançısına uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Belarus təmsilçisinə yenilib və ümidini bürünc medala bağlayıb. Bolqarıstan güləşçisinə də məğlub olan Zubairov medalsız qalıb.
Beləliklə, sərbəst güləş yığmamız Fərdi Dünya Kubokunu 1 gümüş və 1 bürünc medalla başa vurub.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK) 8:1
FİNAL: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (RUS) 1:5
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN) 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (FRA) 10:4
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (ROU) 10:0
Təsəlliverici görüş: Rəşad Yusifli - Axsarbek Qulayev (SVK) 3:3*
86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR) 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (BUL) 1:8