Hacı Əliyev: "Bu görüş mənim üçün çox önəmli olduğu üçün tam fərqli hazırlaşmışdım"
OLİMPSPORT xəbər verir ki, bu fikirləri bu həftə Serbiyada keçirilən güləş üzrə Fərdi Dünya Kuboku yarışında bürünc medal qazanan üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına bildirib.
Hacı Əliyev: "2019-cu ildə mənə qarşı edilən haqsızlığı qəbul edə bilmirdim. Hacımurad Rəşidov və onun fanatları mənə qalib gəldiyini düşünürdü. Amma bu, belə deyildi. Mənə elə gəlir ki, hakimlərin "gözəl" qərarı ilə o qalib gəlmişdi. Bütün gücüm və istəyimlə bu qarşılaşmaya hazırlaşmışdım və qələbə qazanacağımı hiss edirdim. Şükür Allaha, ilk dəqiqədən hücum elədim. Fikrimcə, mən ondan çox güclüyəm. Musukayevlə görüşə zədəli çıxmışdım. Rəqib zədələndiyimi bilmirdi. Güləşəndə əziyyət çəkirdim. Yenə haqsızlıqla üzləşdim. Hakimlər 2 xəbərdarlıqdan birini vermədi. Bunu başqa hakimlər də dedi. Həm də ani ehtiyatsızlıqdan 6 xal verdim. Heç nədən. Ancaq bu idmandır. İnşallah, gələcək yarışlarda və Olimpiadada daha yaxşı nəticə olacaq. Şükür Allaha, qabırğamda sınıq yoxdur, sadəcə, yüngül çat var. 10-15 gün doğru müalicə getsə, problem aradan qalxacaq. Lisenziya turnirinə qədər tam hazır vəziyyətdə olacağımı düşünürəm”.