"Qarşıdan 2020-ci il gəlir, bizə yerli oyunçular lazımdı"-Ramin Musayev

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Qəbələ” – “Maribor” matçından sonra (3:1) AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev birgə jurnalistlərin suallarını cavablandırıblar.

 

Olimpsport.az həmin müsahibəni təqdim edir:

 

- “Qəbələ” necə təsir bağışladı? 
- R.M. Biz 5:1 gözləyirdik, 3:1 oldu.

 

- E.M. Hesab edirəm ki, yaxşı oyun nümayiş etdirdilər.

- Amma “Qarabağ” məğlub oldu... 
- E.M. Təəsüflər, lakin qarşıda cavab oyunu var. Əsas odu ki, komandamızı dəstəkləmək lazımdı.

- R.M. Ümid sonda ölür.

 

- “Qəbələ” evdə qalib gələndə, səfərdə uduzur. Gürcüstan klubu ilə də belə oldu. Bu haqda nə düşünürsüz? 
- R.M. Sizə bir şey deyim, birinci hissədə “Qəbələ” qol buraxan zaman yanımızda oturan yoldaşlar bir az narazılıq etdilər ki, rəqib daha güclüdü. Amma biz heç də elə fikirləşmirdik. “Qəbələ”nin baş məşqçisi rəqibi çox gözəl “oxuyur”. Gürcüstan klubuna da səfərdə uduzsaq da, əsas yekun nəticədi. Vacib olan mərhələ keçməkdi.

 

- Qarşıdan millinin təlim məşq toplanışı gəlir. Planlar necədi? Yoxlama oyunu nəzərdə tutulub? 
- E.M. Xeyr, oyun nəzərdə tutulmayıb.

- Ramin müəllim, “Qəbələ”nin “Sumqayıt”la təxirə salınmış oyunu nə vaxt keçiriləcək? 
- R.M. Sentyabr ayında olacaq.

 

- Təxirəsalmanı nə ilə əsaslandırdılar və sizin cavabınız necə oldu? 
- R.M. Hər birimizin borcudu ki, nailiyyət qazanan komandaya kömək edək.

 

- Bəs, məsələn, ingilislər niyə yardım etmir? 
- R.M. Bu gün Rəşad Sadiqovu meydanda gördüzmü? Yox. Çünki zədəli idi. Bax, həmin oyunu təxirə salmayaq və aparıcı futbolçulardan biri zədələnsin. Onda məni qınamassız?

 

- Futbol varsa, zədə də olmalıdı...
- R.M. Bizə nə lazımdı? Komandamız mərhələ keçsin, hamımızı sevindirsin.

 

- Onda bununla bağlı Əsasnaməyə bənd salınsın. 
- Orda yazılıb ki, PFL-in razılığı ilə. Özümüzə işıq yeri qoymuşuq, narahat olmayın (gülür).

 

- Elxan bəy, milli komanda ilə bağlı əsas söz sahiblərindən birisiniz. Bu gün meydanda olanlardan Məhəmməd Mirzəbəyov da daxil olmaqla, 11 nəfərin hamısı legioner idi. Bu heyəti görəndə nə düşündüz?
- E.M. Aydındı ki, “Qəbələ”nin əsas məqsədi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Nə qədər çox komandamız qrup mərhələsinə düşsə, o qədər də çox pul gəlir. Yəni, iqtisadi cəhətdən çox önəmli bir şeydi. Qrupda oynayan klub minimum 3.5 milyon avro qazanacaq. Bu, müsbət haldı. “Qəbələ”nin baş məşqçisi nəticə göstərmək istəyir. Bəli, millinin baş məşqçisi Robert Prosineçki də oyunu izləyirdi. Bu gün Mirzəbəyov oynayırsa, bu, milli üçün 10 faiz deməkdi. Buna Robert də sevinir.

 

- Millinin üzvü Eddi İsrafilov İspaniyanın 3-cü liqasında çıxış edən “Kadis”lə müqavilə bağlayıb. Belə bir futbolçunu milliyə dəvət etmək nə dərəcədə doğrudu?
- E.M. Bu artıq baş məşqçinin qərarıdı.

 

- Legioner limitinin ləğvi ara-sıra gündəmə gəlir. Belə bir dəyişiklik mümkündürmü?
- E.M. Çempionat artıq başlayıb. Növbəti mövsüm üçün isə bu, İcraiyyə Komitəsinin verə biləcəyi qərardı.

- R.M. Unutmayın ki, qarşıdan 2020-ci il gəlir, bizə yerli oyunçular lazımdı.