“Qəbələ”: 2 rekord, 1 yubiley

Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la ilk oyunu “Qəbələ” üçün yubiley və rekordlarla əlamətdar olub. Olimpsport.az saytının məlumatına görə, 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” avrokuboklarda özünün 25-ci qoluna sevinib.

 

Bu matçadək keçirdiyi 22 görüşdə 23 dəfə fərqlənən əyalət klubunun Sloveniya təmsilçisinin qapısından keçirdiyi 2-ci top yubiley xarakteri daşıyıb. Həmin qolun müəllifi isə avrokuboklarda qol hesabını açan Baqali Dabo olub. Az sonra fransalı dublunu rəsmiləşdirib, özünün 2-ci, komandasının 26-cı avrokubok qoluna imza atıb.

 

Təmsilçimizin digər qolunun müəllifi Sergey Zenyov üçün də əlamətdar matç olub. Belə ki, estoniyalı “qırmızı-qara” formada 5-ci qolunu qeyd edib.

 

Zenyovun 1, Dabonun 2 dəfə fərqlənməsi rekordla diqqət çəkib. Belə ki, cari mövsüm 7-ci avrokubok matçına çıxan “Qəbələ” vurduğu qolların sayını 15-ə çatdırıb. Bu, Azərbaycan klubları üçün ən yüksək göstəricidi.

 

İndiyədək yalnız 1 dəfə - 2012-ci ildə təmsilçimiz mövsümdə 15 qol vurmuşdu. Həmin vaxt “Neftçi” Çempionlar Liqasında 7, Avropa Liqasında 8 dəfə rəqib qapısına yol tapmışdı. 4 il əvvəl qeydə alınan rekorda şərik olan “Qəbələ” Sloveniyadakı cavab matçında mütləq rekord da vura bilər. Bunun üçün Roman Qriqorçukun yetirmələrinə cəmi 1 top lazımdı.

 

3:1 hesablı qələbə “Qəbələ”nin cari mövsümdə 5-ci uğurudu. 1 heç-heçə və 1 məğlubiyyəti olan təmsilçimiz bir ildə ən çox avrokubok qələbəsi qazanan Azərbaycan klubu adına şərik çıxıb. 2013-cü ildə “Qarabağ” da mövsümü 5 qələbə ilə tamamlamışdı.

 

Qeyd edək ki, “Maribor”la görüşədək “Qəbələ” Gürcüstan “Samtredia”sı (5:1, 1:2), Macarıstan MTK-sı (2:0, 2:1) və Fransa “Lill”ini (1:1, 1:0) mübarizədən kənarlaşdırıb.(Apasport)