“Deyir ki, ata, “canavarların” içinə düşmüşəm” – Budaq Nəsirovun atası
Ötən ayın sonlarında Portuqaliyanın adlı-sanlı “Sportinq" klubunun Budaq Nəsirovu transfer etməsi çoxları üçün gözlənilməz oldu. Azərbaycanlı futbolçunun “Sportinq"ə keçməsini futbolumuz adına əlamətdar hadisə hesab etmək olar. Budaq Lissabon klubu ilə 4 illik (1+3) müqavilə bağladı. İlk mövsüm “Sportinq B"də oynayacaq Nəsirov burada özünü doğrultsa, əsas komandaya cəlb olunacaq.
Budaq Nəsirovun “Sportinq"ə keçməsində onun meneceri Vaqif Heydərlinin əməyi böyükdü. Lakin ona kimi Budaqın bir futbolçu kimi yetişməsində, bu səviyyəyə çatmasında başqa insanların da zəhməti olub. İlk növbədə Budaqın atası Hikmət Nəsirovun adını çəkmək lazımdı. Məhz atasının sayəsində futbolla tanış olan Budaqın ilk məşqçisi məhz Hikmət müəllim olub. Tovuza səfər zamanı Hikmət Nəsirovla görüşüb Budaq haqqında söhbət etdik. Müsahibəni təqdim etməmişdən əvvəl Hikmət Nəsirovla qısa tanışlıq yerinə düşər.
Hikmət Nəsirov 1965-ci il avqustun 23-də Tovuzda anadan olub. Keçmiş futbolçudu. 80-ci illərdə ustalardan ibarət “Neftçi"nin əvəzedici komandasının təlim-məşq toplanışında iştirak edib. Lakin komandaya düşə bilməyib. Ardınca bir müddət Tovuzun “Məhsul" komandasının şərəfini qoruyub. Dizindən aldığı ağır zədə səbəbindən futbolla tez vidalaşıb. Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra Tovuzda Uşaq-Gənclər İdman Məktəbində məşqçiliyə başlayıb. Hazırda həmin məktəbdə fəaliyyətini davam etdirir. Bir müddət “Turan" Futbol Klubunun Uşaq Futbol Məktəbində də işləyib. Bir çox futbolçular, o cümlədən yığmamızın üzvü Elvin Məmmədov Hikmət müəllimin yetirməsidi.
- Hikmət müəllim, Budaq necə övladdı?
- Hərənin övladı özünə şirindi. 3 övladım var - 2 oğlan, 1 qız. Budaq ailənin 2-ci uşağıdı. İndi durum oğlumu tərifləyim? Qısaca onu deyə bilərəm ki, yaxşı övladdı. İstiqanlıdı, yoldaşları ilə həmişə mehriban olub. Dava-dalaşla arası yoxdu. Demirəm ki, qorxaqdı. Qorxaqlıq onun qanında yoxdu. Sadəcə, lazım olanda başqalarını yola verə bilir. Uşaqlıqdan belədi. Baxmayaraq ki, Budaq bu səviyyəyə gəlib çatıb, övladlarımın birini digərindən seçmirəm.
- Bildiyimə görə, böyük oğlunuz Anar da futbolla məşğul olub...
- Elədi. Anar Budaqdan 2 yaş böyükdü. Pis də futbol oynamırdı. Amma elə oldu ki, axıra kimi məşğul ola bilmədi. Hazırda işsizdi. Yaxınlarda Bakıya iş dalınca getmişdi, deyəsən, alınmayıb.
- Budaqın ilk dəfə futbola getdiyi günü xatırlayırsınızmı?
- Əlbəttə. Uzun illərdi ki, Tovuzda Uşaq-Gənclər İdman Məktəbində məşqçi işləyirəm. Onun ilk müəllimi özüm olmuşam. Budaqın 8 yaşı olanda özümlə məşqə apardım. 3 il ibtidai hazırlıq qrupunda məşq keçdikdən sonra təlim-məşq qrupuna adladı. İlk vaxtlardan hiss edirdim ki, uşağın gələcəyi var. Bunu digər mütəxəssislər də deyirdilər.
- Oğlunuz digər uşaqlardan hansı cəhəti ilə fərqlənirdi?
- Həddən artıq istəkli idi. Həm də gözündə qorxu yox idi. Özündən böyüklərlə oynamaqdan, mübarizə aparmaqdan çəkinmirdi.
- Onun “Turan"a keçməsi necə baş verdi?
- 14 yaşı olanda “Turan"dan dəvət gəldi. 15 yaşında isə artıq U-15 yığmasına çağırılmağa başladı. Həmin yığma ilə 2 ay “Fənərbaxça"da təlim-məşq toplanışı keçdi. Özü də o vaxt U-15 yığması 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuşdu. Budaq isə bildiyiniz kimi 1996-cı ildə anadan olub. Yəni özündən 1 yaş böyüklərin yığmasında oynayırdı. Daha sonra bütün yaş qrupu yığmalarının heyətində çıxış edib. Andorra ilə oyunda əsas millinin də “dadını" gördü.
- Və əsas yığmada ilk oyunundaca qol vura bilərdi...
- Çox təəssüf. İlk matçda fərqlənməsi onun xeyrinə olardı. Qapıçı ilə təkbətək mübarizədə məğlub oldu.
- Səhv etmirəmsə, Budaqın 15 yaşı olanda Premyer Liqada ilk oyununa çıxıb. “Sınmağından" qorxmurdunuz?
- Premyer Liqada “Turan"ın heyətində ilk dəfə Bakıda “Bakı"ya qarşı oynayıb. Həmin vaxt böyük hesabla məğlub olmuşdular. Budaq görüşün başa çatmasına 10-15 dəqiqə qalmış meydana girmişdi. “Bakı" ilə görüşdən sonra yanılmıramsa, 1-2 oyunda da çıxış etmişdi. Əsas heyətdə ilk dəfə meydana çıxması isə dəqiq yadımdadı, “Qəbələ"yə qarşı olmuşdu. Oyun Tovuzda keçirilirdi. Çox həyəcanlı idim. Hətta matçdan əvvəl baş məşqçi Əsgər Abdullayevdən xahiş etmək istəyirdim ki, Budaqı əsas heyətdə meydana buraxmasın. Uşaq “sına" bilərdi. Amma sonra fikrimdən daşındım. Birtəhər özümü ələ alıb stadiona getdim. Pis oynamadı. Özünə görə “vuruşdu”.
- Budaqı digər futbolçulardan fərqləndirən və ya onun çatışmayan çəhətləri varmı?
- Bayaq qeyd etdiyim kimi, döyüşkəndi, mübarizədən qorxmur, sərt oyuna meyillidi. Məşqçilər adətən sərt futbolçuları sevirlər. Çatışmayan cəhəti sərt oyunu ilə bağlıdı. “Kart"a meyillidi. Təkcə bu xüsusiyyətindən narahatam.
- Oğlunuzun Portuqaliyaya getmək variantı nə vaxt ortaya çıxdı?
- Bu söhbət çoxdan var idi. Meneceri Vaqif Heydərli onunla 15-16 yaşı olandan maraqlanırdı. Vaqifdən çox razıyam. Budaq hələ gənc olanda Vaqif ona çox kömək edib, düzgün istiqamətləndirib, ona böyük qardaşlıq edib. Budaqın “Sportinq"ə getməyinin səbəbkarı Vaqif Heydərlidi. Oğlumun oyununu izləmişdilər və bəyənmişdilər. Sonradan öyrəndim ki, Budaqın Portuqaliyaya getməsi üçün lazım olan bütün xərcləri Vaqif müəllim qarşılayıb. Yol, otel və s. xərcləri nəzərdə tuturam.
- Onun “Sportinq"lə müqavilə bağlaması xəbərini necə qarşıladınız?
- Danışıqların getdiyindən xəbərdar idim. Amma ortada konkret bir iş yox idi. Müqavilə bağlaması xəbərini eşidəndə çox sevindim.
- Budaq ilk olaraq “B" komandasında oynayacaq. Sizcə, əsas heyətə düşə biləcəkmi?
- Budaqın “Sportinq"ə keçməsi futbolumuz adına böyük hadisədi. Amma müqavilə imzalamaq hələ işin başlanğıcıdı. Qarşıda çox işlər görülməlidi. İlk növbədə öz üzərində işləməli, arxayınlaşmamalıdı. Oğlumun “Sportinq"ə keçməsi ilə bağlı yüzlərlə təbrik almışam. Əlbəttə, bir ata üçün bu fəxrdir. Amma həmin təbrikləri tam olaraq qəbul edə bilmirəm. Axı hələ ortada əməli bir iş yoxdu. Özünü göstərə bilsə, əsas komandaya düşsə, bax, onda təbrikləri ürəkdən qəbul edəcəm.
- Oğlunuzla tez-tez əlaqə saxlayırsınız?
- Tez-tez danışmağın əleyhinəyəm. Qoy, fikri ailəsinin yanında yox, işində-gücündə olsun, yayınmasın. 3-4 gündən bir əlaqə saxlayırıq. Axırıncı dəfə danışanda özünə də tapşırdım ki, bizdən arxayın ol, fikrin məşqlərdə olsun. Dediyinə görə, orda ona yaradılan şərait yaxşıdı. Deyir ki, ata, burda “canavarların” içərisinə düşmüşəm (gülür).
- Budaqdan ötrü darıxmırsınız ki?
- 15 yaşından yığmadadı. Bircə dəfə darıxmışam, o da ilk dəfə U-15 yığması ilə Türkiyəyə təlim-məşq toplanışına gedəndə. Müxtəlif komandalarda - “Sumqayıt"da, “Araz Naxçıvan"da, “Kəpəz"də oynayıb. Elə olub ki, həftələrlə üzünü görməmişik. Yəni artıq bu vəziyyətə alışmışıq. Yeri gəlmişkən, Budaqın parlamağının səbəbkarlarından biri də Şahin Diniyevdi. “Kəpəz"də ona oynamağa şans verdi, inandı. “Kəpəz"in, demək olar ki, bütün ev matçlarını stadiondan izləmişəm. Oğlum haqqında Gəncə azarkeşlərindən xoş sözlər eşitmək qürurverici idi.
- Portuqaliyaya getmək, oğlunuzun oyununu izləmək fikriniz varmı?
- Oyunları yəqin ki, internet vasitəsilə izləyəcəm. Düzü, Portuqaliyaya getməyə maddi cəhətdən imkan yoxdu. Özü bilet göndərsə, gedərəm.
- Budaq hələ də “Sportinq”də debüt etməyib...
- Sənədlə bağlı nəsə problem var. Həll olunması an məsələsidi. Böyük ehtimalla yaxın 1-2 turda ilk oyununa çıxacaq. Bildiyim qədərilə məşqçilər korpusunun ona inamı böyükdü. Belə olmasaydı, əsas komanda ilə məşqə çıxmazdı. Sonuncu dəfə onunla danışanda əsas komandanın məşqindən qayıtdığını dedi.
- 1-2 il əvvəl onun adı İstanbulun “Başakşehir" komandası ilə hallanırdı...
- Bir aya yaxın əsas komandada məşq keçdi. O vaxt 18 yaşı tamam olmamışdı deyə, mən də onunla İstanbula getmişdim. Sonra müəyyən səbəblər üzündən keçid alınmadı. Təfsilatlarına varmaq istəmirəm.
- Budaqın “Sportinq"ə keçməsindən sonra bəzi insanlar onun “Qəbələ" yetirməsi olduğunu deyirdilər...
- Budaqı “Qəbələ"nin Futbol Akademiyasına özüm aparmışdım. Orda baxışdan keçdi. Amma həmin ərəfədə Musa Süleymanov “Turan"ın prezidenti oldu. Zəng elədilər ki, uşağını da götür, qayıt Tovuza. Musa müəllim imkan verməzdi ki, Budaq kimi uşaq başqa yerdə oynasın. Beləcə, “Qəbələ" ilə müqavilə imzalamamış “Turan"a qayıtdı. Yadınızdadırsa, həmin vaxt bütün tovuzlu futbolçuları “Turan"a qaytarırdılar ki, Tovuzda futbolu ayağa qaldırsınlar.
- Bir çox futbolçuların yetişməsində əməyiniz olub. Tələbələrinizdən ikisi - Elvin Məmmədov və oğlunuz artıq yığmanın formasını geyinib. Könlünüzdən əməkdar məşqçi fəxri adı keçmir?
- Düzü, bu haqda fikirləşirəm. Yaxınlarda lazımi orqanlara müraciət etmək fikrindəyəm. Niyə də yox?
- Heç Budaqın uşaqlığından danışmadınız. Oxuyan uşaq idi?
- Yox, o qədər də yaxşı oxumayıb.
- Nə əcəb? Müəllim övladı zəif oxuyub?
- Mənim özüm guya yaxşı oxumuşam (gülür)? Bilirsiniz, gərək uşağa sərbəstlik verəsən. Bayaqdan söhbət eləyə-eləyə fikirləşirəm, Budaqı nə vaxtsa tənbeh etdiyim yadıma gəlmir. Sözə baxan uşaq olub.
- Budaq adına Azərbaycanda az rast gəlinir…
- Budaq atamın adıdı. Atam dünyasını dəyişəndə çox gənc idim. Oğluma atamın adını qoymuşam.
«Het-trik news» qəzeti