Lisenziya turnirində iştirak edəcək güləşçilərimiz məlum olub
Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçiriləcək. OLİMPSPORT xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev hər çəkidə iki idmançının Olimpiadaya lisenziya qazanacağı yarışda iştirak edəcək heyəti açıqlayıb.
Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımızın üzvləriylə görüşən qurumun rəhbəri bu ilin ilk lisenziya turnirində əksər çəkilərdə Olimpiya Oyunlarında vəsiqə qazanılacağına inandığını dilə gətirərək, güləşçiləri bu fürsətdən yararlanmağa çağırıb və onlara məsul yarışda uğurlar arzulayıb.
Beləliklə, martın 18-19-da xalça üzərinə çıxacaq sərbəst güləşçilərimiz bunlardır:
İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Camaləddin Məhəmmədov (125 kq). Onlar baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştdə uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında martın 20-21-də mübarizə aparacaq. Heyətdə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.
Xatırladaq ki, daha öncə açıqlanan qadınlardan ibarət millimizin tərkibində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutovanın (76 kq) Macarıstandakı yarışda çıxışı nəzərdə tutulub. Onlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını icra edəcək