Namiq Əliyev Macarıstan Güləş Federasiyasının yubileyində iştirak edib
Martın 16-da Budapeştdə Macarıstan Güləş Federasiyasının 100 illik yubileyi qeyd olunub. OLİMPSPORT xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev, UWW-nin prezidenti Nenad Laloviç, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin üzvü Pol Şmitt, Macarıstan Olimpiya Komitəsinin prezidenti Kristian Kulçar və Macarıstan Güləş Federasiyasının vitse-prezidenti Peter Başçanın iştirakı ilə tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, geridə qalan 100 ildə beynəlxalq arenalarda 129 Macarıstan güləşçisi 429 medal qazanıb. O da vurğulanıb ki, bu ölkənin güləş əfsanəsi, Olimpiya, dünya və Avropa çempionu İştvan Kozmanın adını daşıyan güləş akademiyasında gələcəyin çempionlarını yetişdirmək üçün əlverişli şərait yaradılıb.
UWW-nin prezidenti Nenad Laloviç isə bunları deyib: “Akademiyada olimpiya çempionlarının şəkillərinin vurulduğu stendə tamaşa etdim. Bu, mənə çox təsir etdi. Gördüyüm mənzərə macar güləşinin gücünün göstəricisiydi. UWW-nin daha güclü olması üçün onun üvləri də Macarıstan Güləş Federasiyası kimi güclü olmalıdır. Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm. Şadam ki, bu əlamətdar tarix Avropa Olimpiya Təsnifat turniri ilə üst-üstə düşdü və mən də bu yubileyi sizinlə birgə qeyd etdim”.
Qeyd edək ki, sabah həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşində 6 çəkidə finalçıların Olimpiadaya lisenziya qazanacağı təsnifat yarışı start götürəcək. Martın 21-dək davam edəcək turnir BOK İdman Mərkəzində keçiriləcək. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.