Avropa çempionatı: Eldəniz Əzizli və Taleh Məmmədov yarımfinalda

Azərbaycanın 2 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

55 kq çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu Eldəniz Əzizli ardıcıl olaraq Nedyalko Petrov (Bolqarıstan) və Nuqzari Tsurtsumianı (Gürcüstan) məğlub edib. O, finala gedən yolda Emin Seferşayevlə (Rusiya) görüşəcək.

63 kq-dakı Taleh Məmmədov Nikolay Viçev (Bolqarıstan) və Qraçya Poqosyana (Ermənistan) qalib gəlib. Onun yarımfinaldakı rəqibi Aleksandrs Yurkyans (Latviya) olacaq.

Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə Harri Latvalı (Finlandiya) büdrətsə də, Yunus Emre Başarı (Türkiyə) yenə bilməyib.

Qeyd edək ki, bu gün eyni zamanda qadın güləşində medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək. Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.