Mariya Stadnik: "Şadam ki, qələbəmlə insanları sevindirə bildim”

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) bu gün Bakıya qayıdıb.

 

8-ci dəfə Avropa çempionu olan qadınlardan ibarət güləş yığmamızın liderini Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıb.

 

Millimizin baş məşqçisi Aslan Ağayev bunları deyib:

 

“Mariya Stadnik iki ilə yaxındır ki, heç bir yarışda iştirak etməmişdi. Azərbaycan Güləş Federasiyasının dəstəyi sayəsində bir neçə təlim-məşq toplanışı keçdik. Sonuncu toplanışda Amerikadan dəvət olunmuş fiziki hazırlıq üzrə mütəxəssis (Mark Alan Filippi) bizə çox kömək oldu. Mariya 8-ci dəfə Avropa çempionu oldu və Azərbaycana həmişəki kimi qızıl medalla qayıtdı. Bizi, xalqımızı, azarkeşləri sevindirdi”.

 

Daha sonra titullu güləşçimiz jurnalistlərin suallarını cavablandırıb:

 

“Azərbaycanda yaxşı hazırlıq keçdik. Avropa çempionatı ərəfəsində iki təlim-məşq toplanışımız oldu. Bu yarış Olimpiada öncəsi gücümü yoxlamaq üçün lazım idi. Təki bu dəfə Olimpiya Oyunları baş tutsun.

 

İstənilən medalın insana bəxş etdiyi hisslər var. Ona görə də hər medal dəyərlidir.

 

Uzun fasilədən sonra güləşmək bir qədər çətin idi. Yarışlar yox idi deyə narahatlıq keçirirdim.

 

Bundan sonrakı plan Olimpiadaya hazırlıq xarakterli təlim-məşq toplanışlarında iştirak etməkdir. Həmçinin digər yığma üzvləri sonuncu lisenziya turnirində çıxış edəcək. Daha sonra dağlıq ərazidə fiziki hazırlıq üzrə təlim-məşq toplanışımız olacaq. Uzun müddətli plan qurmaq olmur. Çünki pandemiya ilə əlaqədar vəziyyət tez-tez dəyişə, karantin sərtləşdirilə bilər.

 

Olimpiadanı bir il təxirə saldılar. Hətta Avropa çempionatının keçirilməsi də sual altında idi. Tribunalara azarkeşlər buraxılmadı. Yarışa gəlirsən, güləşməyə bilərsən. Çünki səndən götürülən test pozitiv çıxa bilər. Qəribə vəziyyət yaranıb…

 

Olimpiadadan sonra karyeramı bitirib-bitirməyəcəyimi deyə bilmərəm. Hələ ki, diqqətimi Olimpiya Oyunlarına yönəltmişəm. Sonrasına baxarıq. Yaşayarıq, görərik.

 

Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Zala azarkeşləri buraxmasalar da, dəstəyi hiss edirdim. Çoxlu təbrik mesajları aldım. Şadam ki, qələbəmlə insanları sevindirə bildim”.