Təsnifat turniri: İki güləşçimiz yarımfinalda, biri lisenziya şansını itirdi
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.
İlk yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Azərbaycanın 3 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır. 57 kq çəki dərəcəsində Georgi Edişeraşvili təsnifatda Otari Qoqavanı (Gürcüstan), ardınca isə Məhəmməd Bilalı (Pakistan) məğlub edib. O, 1/4 finalda Məhəmməd İkromova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib.
86 kq-da yarışan Abubakr Abakarov Uri Kalaşnikov (İsrail) və Sandro Aminaşvilidən (Gürcüstan) güclü olub. Güləşçi 1/4 finalda Azamat Dauletbekov (Qazaxıstan) üzərində əzmkar qələbə qazanaraq, yarımfinala adlayıb.
Nəhayət, 120 kq-dakı Vahid Qalayev Xose Kuba Vaskesə (İspaniya) tam üstünlüklə qalib gəlsə də, 1/4 final mərhələsində Xose Daniel Robertti (Venesuela) ilə bacarmayıb və lisenziya şansını itirib.
Qeyd edək ki, lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları saat 20:00-da start götürəcək. Sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.