Elis Manolova: "Bütün gücümü bu 6 dəqiqəyə sərf etməliydim"

Tokio Olimpiadasında ölkəmizi iki qadın güləşçi təmsil edəcək.

 

Mariya Stadnik (50 kq) 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatının qalibi kimi 4-cü dəfə Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə etdisə, Elis Manolova (68 kq) Dünya Olimpiya Təsnifat turnirində lisenziyanı qazandı.

 

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışın finalına yüksələn Elis Manolova Azərbaycan Güləş Federasiyasının saytına təəssüratlarını bölüşüb:

 

“Üzərimdə çox böyük məsuliyyət vardı. Çünki Dünya Olimpiya Təsnifat turniri sonuncu lisenziya yarışıdır. Həyəcanlı idim. Bu üzdən ilk görüşdə bir qədər ehtiyatlı güləşdim. Yunan rəqibimi daha çox taktiki güləşlə məğlub etməyə çalışdım. Həm də səhhətimdə bəzi problem vardı. Ona görə də gücümü qorumağa çalışırdım. Argentinadan olan rəqibimlə qarşılaşmada da son hücumu edərək qələbə qazanmağı planlaşdırırdım. Özümü yaxşı hiss etmədiyim üçün çox güc sərf etmək istəmirdim. Ən çətin rəqibim Qazaxıstan güləşçisiydi. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının finalında ona qalib gəlmişdim. Ancaq bu görüş 4 il əvvəl olmuşdu. Bütün gücümü bu 6 dəqiqəyə sərf etməliydim. Lisenziyanı qazanmağı çox istəyirdim. Allaha şükür ki, istəyimə çatdım. Azərbaycana daha bir lisenziya qazandırdığım və yaxın rəfiqəm Mariya Stadniki Tokioda tək qoymayacağım üçün çox xoşbəxtəm. Səhhətimlə bağlı finalda güləşməyəcəyəm”.