Sərbəst güləşçilər Avropa çempionatında daha iki gümüş və 1 bürünc medal qazandı
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əşrəf Aşırov debütdə yeniyetmələr arasında Avropa çempionu və gənclər arasında dünya ikincisi olmuş rusiyalı Çermen Valiyevə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 19-da təsəlliverici görüşlərə çıxıb. Almaniya güləşçisinə vaxtından əvvəl qalib gələn Əşrəf Rumıniyadan olan rəqibinə də gücünü göstərərək bürünc medal görüşünə vəsiqə qazanıb. Sonuncu qarşılaşmada Gürcüstan təmsilçisinə uduzan Aşırov 5-ci yerlə kifayətlənib.
Orxan Abasov əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan Orxan adını finala yazdırıb. Həlledici görüşdə Rusiya idmançısına uduzan Abasov gümüş medalı boynundan asıb.
Osman Nurməhəmmədov qitə birinciliyinə inamlı qələbəylə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan Osman Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb. Türkiyə güləşçisiylə son görüşdə hesabda üstün olan Nurməhəmmədov son saniyələrdə hakimlərin müəmmalı qərarı fonunda gümüş medalla kifayətlənməli olub.
Vahid Qalayev 1/8 finalda Gürcüstan, 1/4 finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub. Albaniya güləşçisi üzərində inamlı qələbə Qalayevə bürünc medal bəxş edib. Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatını 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
74 kq
1/8 final: Əşrəf Aşırov – Çermen Valiyev (Rusiya) 2:9
Təsəlliverici görüş: Əşrəf Aşırov - Lukas Kant (Almaniya) 11:0
Təsəlliverici görüş: Əşrəf Aşırov - Kriştian Biro (Rumıniya) 4:0
Bürünc medal görüşü: Əşrəf Aşırov - Vladimir Qamkrelidze (Gürcüstan) 1:3
86 kq
1/8 final: Orxan Abasov – Uri Kalaşnikov (İsrail) 4:2
1/4 final: Orxan Abasov - Denis Saxaliuk (Ukrayna) 3:1
1/2 final: Orxan Abasov - Lars Şaefle (Almaniya) 8:7
FİNAL: Orxan Abasov - Amnulla Rasulov (Rusiya) 1:3
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Recep Haydari (Şimali Makedoniya) 10:0
1/4 final: Osman Nurməhəmmədov - Azamat Zakuyev (Rusiya) 5:4
1/2 final: Osman Nurməhəmmədov - Arkadi Pahaşyan (Belarus) 4:0
FİNAL: Osman Nurməhəmmədov - Erhan Yaylacı (Türkiyə) 3:4
125 kq
1/8 final: Vahid Qalayev – Aleksi Jorjoliani (Gürcüstan) 6:0
1/4 final: Vahid Qalayev - Hovannes Maqakyan (Ermənistan) 6:3
1/2 final: Vahid Qalayev - Anıl Berkan Kılıçsallayan (Türkiyə) 3:4
Bürünc medal görüşü: Vahid Qalayev - Paris Karepi (Albaniya) 5:1