Güləşçimiz Zaur Əliyev Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur Əliyev həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub.
Digər güləşçimiz Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub.
Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Vəliyev Yunanıstan güləşçisinə qalib gəlsə, macar həmkarına uduzub.
Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.

55 kq
1/4 final: Zaur Əliyev – Denis Florin Mihay (Rumıniya) 4:1
1/2 final: Zaur Əliyev - Mövlud Rizmanov (Rusiya) *3:3
FİNAL: Zaur Əliyev - Adem Burak Uzun (Türkiyə) *3:3

63 kq
1/8 final: Zaur Nuriyev – Aleksandru Trandafir (Rumıniya) 4:6

87 kq
Təsnifat: Laçın Vəliyev – Şimon Şimonoviç (Polşa) 5:3
1/8 final: Laçın Vəliyev - Aleksandr Komarov (Rusiya) 0:8
Təsəlliverici görüş: Laçın Vəliyev - İlias Paqkalidis (Yunanıstan) 3:1
Təsəlliverici görüş: Laçın Vəliyev - İştvan Takaç (Macarıstan) 0:2

130 kq
1/8 final: Sərxan Məmmədov – Vladan Jivkoviç (Serbiya) 4:3
1/4 final: Sərxan Məmmədov - Delian Hüseyn Alişahi (İsveçrə) 4:6