Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət millimizin AÇ üçün heyəti
Ayın 20-dək davam edəcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Sabah güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaq. İyunun 15-də isə 45, 51, 60, 71 və 92 kq-da yer alan güləşçilər mübarizəyə qoşulacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Avropa çempionatında millimiz tam heyətlə iştirak edəcək. Bu gün Bolqarıstana yollanan komandamızın tərkibində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Abil İbrahimovun rəhbərliyi altında Yusif İsparov (45 kq), Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq), Sübhan Səfərli (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ümid Məmmədov (65 kq), Sadiq Mustafazadə (71 kq), Səttərxan Allahverdili (80 kq), Vüqar Həsənov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimizdən Zaur Şərifov və Tural Əliyev yarışda ədaləti qoruyacaq.