Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının iclası keçirilib

  Bölmə: Digər növlər | 697 | 14:35 01-07-2021
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə  Seçki Komissiyasının iclası keçirilib

 

01 iyul 2021-ci il tarixdə Zoom platforması üzərindən keçirilmiş onlayn formatda iclasda İctimai Şuraya seçkilərin keçirilməsi üzrə nazirliyin əmri ilə təsdiq edilmiş aşağıdakı tərkibdə komissiya üzvləri iştirak ediblər.

 

  1. İntiqam Babayev – gənclər və idman nazirinin müavini, komissiyanın sədri
  2. Fərid Mansurov – Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, komissiyanın üzvü
  3. Fuad Babayev – Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri komissiyanın üzvü
  4. Rauf Əliyev - Gənclər və İdman Nazirliyinin Baş məsləhətçisi – baş hüquqşünası, komissiyanın üzvü
  5. Nurəddin Mehdiyev - “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, komissiyanın üzvü
  6. Emin Babayev – Azərbaycan Skautlar Assosiasiyanın sədri, komissiyanın üzvü
  7. Mehman Kərimov – Milli Olimpiya Komitəsinin Marketinq idarəsinin rəisi, komissiyanın üzvü
  8. Alla Vlasova - Çerlinq Federasiyasının prezidenti, komissiyanın üzvü
  9. Kamal Məmmədov – Milli Paralimpiya Komitəsinin Baş katibi, komissiyanın üzvü

Nazir müavini İntiqam Babayev iclası giriş sözü ilə açaraq bu günədək nazirliyin yanında yalnız Gənclərlə iş üzrə İctimai Şuranın olduğunu bildirib. O nazirliyin 2 dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər 2 sahə təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq seçkinin tam şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanların yaradılacağını qeyd edib. 

Komissiya üzvləri çıxış edərək İctimai Şuranın nazirliyin fəaliyyətində önəmli yer tutacağını və onun fəaliyyəti üçün bütün texniki imkanların yaradılmasının zəruruliyini qeyd ediblər.

İclasda seçki ilə bağlı görülmüş işlər, namizədlər və təmsilçilər barədə, seçki günü, yer və saatının təyin olunması, seçkinin təşkili ilə bağlı texniki məsələlər (səsvermənin təşkili, qeydiyyat, səsvermə kabinaları, səslərin sayılması və s.) müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

İclasda 47 nəfərin namizədliyinin irəli sürüldüyünün, bunlardan 43-nün qeydiyyata alındığı  bildirilib. 3 nəfərin sənədləri tam qaydasında, 1 nəfərin isə müvafiq sahə üzrə təcrübəsini təsdiq edən məlumatlar olmadığndan namzədliyin qeydiyyatı alınmasından imtina edilib. 

 Seçki 15 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük zalında saat 10:00-dan 14:00-dək keçiriləcək

 Qeyd edək ki, İctimai şuranın 15 nəfər tərkibdə formalaşdırılması nəzərdə tutulur.

 QEYD: 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olub. İndiyədək ictimai şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.


Digər xəbərlər