Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşdü

  Bölmə: Baş redaktor | 661 | 09:17 13-07-2021
Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşdü

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb.
 
Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Tokio olimpiadasında ölkəmizi təmsil edəcək 9 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.

Sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko, məşqçi Elxan Məmmədov çıxış edərək cüdoçularımızın ötən müddət ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, dünya və Avropa çempioanatı, "Böyük Dəbilqə", Qran-Pri" turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıb. Məşqçilər ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat verib.
 
Mütəxəssis cüdoçularımızın olimpiada da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb. Millinin kapitanı Nicat Şıxəlizadə, Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov və qadın cüdoçumuz Aişə Qurbanlı onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov və Sadıq Sadıqov baş katib Elmar Babanlı iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.
 
Qeyd edək ki, ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında 9 cüdoçu - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73kq), Murad Fətiye (81 kq), Məmmədəli Mehdiyev (90kq), Zelim Kotsoyev (100kq), Kokauri Uşangi (100+kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcək. Cüdoçularımız Tokioya İyulun 14-ü və 18-də gedəcəklər. Olimpiya Oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

Digər xəbərlər