Tokio-2020: Azərbaycan idmançılarının zəif çıxışında səbəbkar kimdir?

  Bölmə: Baş redaktor | 817 | 22:37 10-08-2021
Tokio-2020: Azərbaycan idmançılarının zəif çıxışında səbəbkar kimdir?

Nəhayət ki, başı bəlalı, üzü maskalı Tokio -2020 Yay Olimpiya Oyunları 2021-ci ildə başa çatdı. Kaşki, bu olimpiada ləğv edilərdi, Azərbaycan da dünyanın geridə qalmış ölkələrindən geridə qalıb, 67-ci yeri tutmazdı. Yaxşı ki, hələ dəmir yumruqla başını əzdiyimiz Ermənistandan geridə qalmadıq.

Beləliklə, 44 idmançı ilə iştirak etdiyimiz olimpiadadan cəmi 7 medal qazandıq. Bu medalların da dördünü legionerlər qazandı. Legionerləri çıxsaq, yerdə qalan 3 medalı qazanan yerli idmançılarımız adama sanki 21 il bundan əvvəl Sidney Olimpiya Oyunlarından qazanılan 3 medalı xatırlatdı. O vaxtı yenə 3 medalın ikisi qızıl idi. Demək ki, indiki nəticə Azərbaycan idmanının 90-cı illərdəki səviyyəsinə qədər gedib çıxır.

Bəs, günahkar kimdir? Əlbəttə ki, ilk növbədə idmanı biznesə çevirən, bacarıqsız, milli təəssübü olmayan, bəzi naşı idman rəhbərləri. İdman nazirliyindən tutmuş, üzü federasiyalara, UGİM-lərə, klublara, yerli icra hakimiyyətlərinin tərkibində olan gənclər və idman idarələrinə, Olimpiya komplekslərinə rəhbərlik edənlərədək. Buna görə onlar məsuliyyət daşıyırlar. Hamıya məlumdur ki, idmanın inkişafı ilk növbədə kütləvilikdən başlayır. Hansı ki, buna bir başa gənclər və idman idarələri, idman və təhsil nazirliyinə tabe olan UGİM-lər cavabdehlik daşıyırlar. Amma bu idarə rəhbərlərinin əksəriyyəti həvəskar, lazımsız yarışlar keçirib pul silməklə, ölü saatlar saxlayıb, boş jurnalları doldurmaqla məşğuldurlar. İşləyən və işləməyən məşqçiyə fərq qoymayırlar. Yer tutmuş idmançılara istənilən qayğını göstərmirlər. Demək olar ki, tikilən bütün Olimpiya Komplekslərini biznes mərkəzlərinə çeviriblər. Deyək ki, pandemiya dövründə hər yer qapandı. Elə pandemiya dövründən əvvəl də bu idarələrin fəaliyyəti deyilən kimi idi. Bu məktəblərdən dünya səviyyəli bir neçə idmançılar da çıxıb. Amma düzgün idarəçilik, düzgün sistem olsaydı, bu say daha da çox olardı və bu gün Tokiodan 7 medalla yox, daha çox medallarla qayıdardıq. Həm də əyyarı da qızıl. Təsəvvür edin ki, Tovuz Gənclər və İdman İdarəsinin rəsmisi Dünya Güləş Birliyinin (DGB) təqvimində olan güləş üzrə Avropa birinciliyində yer tutmuş idmançının qayğısına qalmaqdan imtina etmək üçün xanım idmançıya deyir ki, bu medalı, diplomu özün çıxartdırmısan. İnanın ki, gənclər və idman idarələrinin işçilərinin əksəriyyətinin peşəkar idmandan xəbəri yoxdur. Çoxusu bu gündədir. Amma di gəl ki, yaxşı klassik üslubda geyinsinlər, ətirlənsinlər, rəhbərin gözünə girsinlər. Amma ildə iki dəfə gəlib, idman zallarına girib baxmırlar ki, nə çatır, nə çatmır, nə kömək lazımdır. Bir idman kompleksinin müdiri ki boks idman növünün Olimpiya növü olmasını bilməyə, o adamın rəhbərlik etdiyi idman ocağında boksçu yetişə bilərmi? Amma di gəl ki, ayda hovuza neçə nəfər gəlir, otelində neçə nəfər qalır, ayda işıq puluna, qaz puluna qənaət etmək üçün idmançıları qışda necə soyuq, yayda isə necə istidə saxlamağın yolunu tez bilirlər. Hər şey elə buradan başlayır. Belə olur ki, heç kim sona qədər karyerasını davam etdirə bilmir.
Ardı var...

Ramin ALLAHVERDİYEV(əməkdar məşqçi)


Digər xəbərlər