Tokiodakı uğursuzluğun səbəbi: Məşqçilərin çoxu özəl zallarda kirayə vaxt götürüb idmançı yetişdirir

  Bölmə: Baş redaktor | 1155 | 15:12 11-08-2021
Tokiodakı uğursuzluğun səbəbi: Məşqçilərin çoxu özəl zallarda kirayə vaxt götürüb idmançı yetişdirir

2-ci hissə

Tokio isə Azərbaycan idmanının bütün kartlarını açdı. Əslində bu nəticə gözlənilən idi. Çünki özünü ağıllı bilən bəzi idman rəhbərləri ümidlərini legionerlərə bağlayıb, öz məktəblərimizin fəaliyyətinə biganəlik edəndə bu günü təxmin etmək olurdu.

Tokiodan medal qazanan idmançılarımızın çoxu 30 yaşdan yuxarıdır. Bu da yeni nəsil idmançıların axınının kəsilməsi deməkdir. Elə bildilər Hacı Əliyev, Toğrul Əsgərov, Rəsul Çunayev, Elnur Məmmədli, Rafael Ağayev, Rövşən Bayramov, Cəbrayıl Həsənov kimi idmançılar həmişə yetişəcək. Necə yetişsin? Gündə bir idman zalı sökülür, bağlanır, ləğv edilir. Güləş ölkəsi Azərbaycanın paytaxtında bir dənə də olsun xüsusi güləş evi, güləş məktəbi yoxdur. Klubların güləş bölmələri var, o ayrı. Mən şəxsən 4 sökülən güləş evi tanıyıram ki, o zallardan vaxtilə yüzlərlə tanınmış idmançılarımız çıxıb. İndi isə yerində göydələnlər tikilib. Ünvanlarını dəqiq deyə bilməsəm də, biri şəhərin mərkəzində "İzmir" küçəsində yerləşən "Dom borba" kimi tanınan güləş zalı idi ki, indi yerində göydələn tikilib. Həmin zalda 2006-2007-ci illərdə şəxsən özüm məşq keçmişəm. Biri yenə qara şəhər kimi yaddaşlarda qalan Yusif Səfərov küçəsində yerləşən "Pəhləvan İdman Cəmiyyəti”nin zalı idi. Onu da söküb yerində göydələn tikdilər. Həmin zalda demək olar ki, hər ay yarış keçirilirdi. Orada güləş üzrə dəfələrlə Bakı şəhər birinciliklərində iştirak etmişik. Üçüncü sökülən zal isə elə Yusif Səfərov küçəsinin sonunda yerləşən köhnə "Vodnik"in zalı idi. Yadımdadır vaxtilə Fərid Mansurov, Rövşən Bayramov kimi tanınmış güləşçilərimiz orada məşq edirdilər. O məktəbdə kimlər məşq etməyib ki?

Təbriz küçəsində yerləşən daha bir sökülüb, yerində göydələn tikilən "Lokomotiv" İSM-in talehi isə daha acınacaqlıdır. O biri sökülən zallara nisbətən Azərbaycan idmanının brendlərindən sayılan 100 yaşlı "Lokomotiv" İSM ümumiyyətlə, ləğv edildi. Hansı ki, ilk SSR çempionu bu zaldan çıxmışdı. "Lokomotiv" İSM-in yüzlərlə cüdoçusunun, güləşçisinin və məşqçilərinin talehi bilinmədi ki, necə oldu? Biri elə özüm. Həmin zaldan dünya, Avropa birinciliyinin mükafatçısını yetişdirmişdim. Bundan əlavə, “Lokomotiv”də milli komandanın heyətinə düşən uşaqlar yetişdirmişdim. Biz “Lokomotiv”in ləğv edildiiy vaxtdan - 2017-ci ildən bu günə qədər özəl olaraq fəaliyyət göstəririk. Oradan da ŞÜA idman kompleksinə köçdük. Pandemiya səbəbindən idman zallarının fəaliyyətinə qadağa qoyulan kimi, müdriyyət bu zalı da bağlayıb, avtomobil salonuna çevirdi. Hansı ki, vaxtilə bu zal da güləş üzrə millinin əsas bazası olub. Başa düşürük, ölkədə abadlıq işləri gedir, köhnə binalar sökülür, yerində daha müasiri tikilir, şəhərimiz gözəlləşir, yenilənir. Amma maraqlısı budur ki, heç olmasa, standartlara uyğun olmasa da, sökülən zalların yerində tikilən binadan əvəzində zal vermirlər. Kim bilir, bəlkə, bu sökülən zallardan hansısa bir idmançı bizə Tokiodan medal qazandıracaqdı. Məşqçilərin çoxu özəl zallarda kirayə vaxt götürüb, idmançı yetişdirir. Məşqçi də məcburdur ki, kirayə pulunu ödəmək üçün uşaqdan aylıq alsın. Axı, hamının sona qədər aylıq ödəniş edib, məşqə gəlməyə imkanı olmur. Hamıya da məlumdur ki, idmançıların əksəriyyəti kasıb təbəqənin üzvləridirlər. Bəlkə də neçə-neçə potensial Olimpiya çempionları imkansızlıqdan sona qədər karyerasını davam etdirə bilməyib. Pandemiya dövründə isə ümumiyyətlə, zallar fəaliyyətini dayandırdı. Bunun da acısını bir neçə il sonra çəkəcəyik.

Ardı var...

Ramin ALLAHVERDİYEV


Digər xəbərlər