Canni de Byaziyə şərab lazım idi yoxsa xal?

  Bölmə: Ölkə futbolu | 410 | 17:38 08-09-2021
Canni de Byaziyə şərab lazım idi yoxsa xal?

Ötən gün DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Portuqaliyaya 0:3 hesabı ilə uduzub.

Matçdan 1 gün öncə: Görüşdən əvvəl təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi həm bizim komandanın, həm də rəqibin durumu haqqında danışıb. Lakin italiyalı mütəxəssis diqqətdən qaçması mümkün olmayan, bəlkə də sətiraltı mesajın yer aldığı bir fikir də səsləndirib: "Futbolda hər şey ola bilər. Fernandu Santuş hələ də mənim hədiyyəmi verməyib. O, yığmaya mənim sayəmdə gəlib. Çünki məhz Albaniya millisi Portuqaliyaya qalib gəldikdən sonra Santuş milliyə baş məşqçi təyin olundu və məğlubiyyətsiz Avropa çempionluğunu qazandı. Ümid edirəm ki, sabah yenə mənə uduzacaq, amma komandasını qrup birincisi edəcək".

 

De Byazinin sözlərinin dərinliyinə vardıqda insanı düşündürən bir məqam da ortaya çıxır: Bu çalışdırıcı rəqibindən niyə şərab istəsin ki? Niyə Fernandu Santuşun onun sayəsində Portuqaliya yığmasına təyin olunduğunu vurğulasın? Belə bir yarışda şərab De Byazinin nəyinə lazımdır? Onsuz ağlı başında halda idarə etdiyi Azərbaycan millisi uçurumun kənarında dayanıb. Sərxoş halda baş məşqçilik etsə, nəticə necə olacaq? Mizah etdik, bir az da məsələnin ciddi tərəfinə qayıdaq.

De Byazinin fikirlərini çək-çevir edəndə nə qədər yayınmağa çalışsaq da, bəlkə də məşqçinin rəqibinə sətiraltı mesaj göndərdiyi haqda düşüncələr beynimizdən çıxmır. Bəlkə, De Byazi bu mesajla Santuşdan xal istəyib? Ona nələrisə xatırladaraq, millimizin Portuqaliyaya uduzmasının qarşısını almaq istəyib.

 

Santuş oyundan əvvəl olmasa da, ötən gün matçdan sonra De Byazinin bu çağırışına belə cavab verib:

"Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var. Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram".

Bəlkə De Byazi həqiqətən də Santuşdan Porto şərabı istəyib. Bəlkə də Santuş De Byazinin sətiraltı mesajla istədiyi xalı verməyə gecikib. Amma dediyimiz kimi, bəlkə...

 

Ramin ALLAHVERDİYEV


Digər xəbərlər