"Qalatasaray" öz meydanında "Fənərbağça"ya uduzub

  Bölmə: Xarici futbol | 138 | 01:23 22-11-2021
"Qalatasaray" öz meydanında "Fənərbağça"ya uduzub

Türkiyə Super Liqasının 13-cü turunda İstanbul derbisi gerçəkləşib.

"Qalatasaray" və "Fənərbağça" komandaları arasında baş tutan prinsipial qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. 

Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə ilk qolu 16-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Kerem Aktürkoğlu vurub. 31-ci dəqiqədə Mesut Özil bərabərlik qolunun müəllifi olub.

83-cü dəqiqədə "Fənərbağça"dan Marsel Tisseran meydandan qovulub. Bununla belə, qonaqlar 90+4-cü dəqiqədə Migel Kresponun qolu ilə qalibiyyətə imza atıblar. 

Görüş zamanı referi bir sıra mübahisəli qərarları ilə diqqət çəkib. Onun idarəçiliyi xüsusən "sarı-qırmızılar"ın düşərgəsində etirazla qarşılanıb. Baş hakimin epizodlara lazımi reaksiya verə bilməməsindən narazılıq ifadə edən meydan sahibləri Mbaye Diaqnenin qolunun qeydə alınmamasına da mənfi yanaşıblar. Komandanın baş məşqçisi Fatih Terim Melerə narazılığını bildirdikdə ayrı-ayrı vaxtlarda iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub. Onun rəqib həmkarı Vitor Pereyra isə sarı vərəqə ilə cəzalanıb. 

Digər tərəfdən, referi hər komandadan 4 futbolçuya sarı vərəqə göstərib.   

Bu nəticədən sonra "Fənərbağça" 23 xalla 5-ci, "Qalatasaray" 21 xalla 8-ci pillədə qərarlaşıb. 


Digər xəbərlər