Prezident İlham Əliyev "Qarabağ" komandasını qəbul edib

  Bölmə: Ölkə futbolu | 1850 | 11:36 13-12-2021
Prezident İlham Əliyev "Qarabağ" komandasını qəbul edib

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

“Qarabağ” futbol klubu Azərbaycan azarkeşlərini, bütün Azərbaycan xalqını bir daha sevindirib. OLİMPSPORT xəbər verir ki, bunu Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı komandanın üzvlərini təbrik edərək deyib: “Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar”.

Prezident qeyd edib ki, “Qarabağ” klubunun adı futbolçuların üzərinə əlavə məsuliyyət qoyur. “Siz həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Qarabağ adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz. Bir daha demək istəyirəm, nəzərə alsaq ki, uzun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işğal altında idi, hər qələbə, “Qarabağ” futbol klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək xalqımızı sevindirəcəksiniz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Digər xəbərlər