Milli Olimpiya Komitəsi “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi təşkil edib

  Bölmə: Digər növlər | 1638 | 12:04 19-01-2022
Milli Olimpiya Komitəsi “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi təşkil edib

Yanvarın 18-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi təşkil edib.


Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Çinin Azərbaycandakı səfiri xanım Qo Min, Olimpiya çempionları və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxışında bildirib ki, Azərbaycan “Pekin-2022”də fərdi fiqurlu konkisürmə idman növündə iki idmançı ilə təmsil olunacaq. Dördilliyin zirvə yarışında idmançılarımızdan Yekaterina Ryabova və Vladimir Litvintsev mübarizə aparacaqlar. “Pxençan-2018” Qış Olimpiya Oyunlarında ölkəmiz cəmi bir idmançı ilə dağ xizəyi yarışında təmsil olunmuşdu. Fevralın 4-20-də keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti 10 nəfərdən artıq olacaq.
Ç.Hüseynzadə “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarının adını da açıqlayıb. O, bayraqdarın Vladimir Litvintsev olacağını bildirib. MOK rəsmisi həm təşkilatçılara, həm də iştirakçılara uğurlar və təhlükəsiz yarış arzulayıb.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min mərasimin yüksək səviyyədə təşkilinə görə MOK rəhbərliyinə təşəkkür edib. “Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir”, - deyən xanım səfir bunun Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olduğunu qeyd edib. Diplomat bildirib: “Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir və atletləriniz beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanırlar”.
“Çin dünyaya möhtəşəm, eksklüziv və qeyri-adi Olimpiya Oyunları bəxş etməyi beynəlxalq ictimaiyyət qarşısında özünə borc bilir”, - deyən Q.Min “Birlikdə birgə gələcək naminə” şüarı altında keçiriləcək Qış Olimpiya Oyunlarında idmançılara və iştirakçılara uğurlar arzulayıb.
MOK-un “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.


Digər xəbərlər