"Neftçi" ilə oyuna tam hazırlaşa bilməmişdik"

  Bölmə: Ölkə futbolu | 1965 | 09:29 08-02-2022
"Neftçi" ilə oyuna tam hazırlaşa bilməmişdik"

"Komandamız optimal formasından uzaq, itkilərimiz isə çox olduğundan matça tam hazırlaşa bilməmişdik".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hər futbolçusu əsas heyətdə oynamağa layiqdir: "Futbolçularımız gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. "Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhvlər etdi. Gənc olsa da, mən istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin".

O, qələbə münasibətilə futbolçularını təbrik edib: "Vacib 3 xalı yaxşı oyunla qazandıq. İstəkli komandaya qarşı oynayırdıq. Bəzi epziodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu".

Qurbanov Maksim Medvedev, İbrahima Vadji və Qara Qarayevin meydana çıxmamasının səbəbini açıqlayıb: "Maksimin əzələsində mikrozədə var idi. Ciddiyə də almaq olar. İnanıram ki, qarşıdakı günlərdə əvvəlki qaydasına qayıdacaq. Vadji özünü narahat hiss etdi. Bu gün test verdi, neqativ çıxdı. Meydana buraxmağa risk etmədik. Qara Qarayevdə 3 gün qızdırma oldu. Koronavirusa yoluxmuşdu".

Baş məşqçi hakimlərə qarşı əsəbi olmadığını söyləyib: "Sadəcə, bir neçə təkrarlanmış səhvə görə etirazımı bildirirdim".

Qurbanov bir çox futbolçuya müqavilə təklif etdiklərini vurğulayıb: "Mətbuatda yazılan da onlardan biridir. Adını açıqlaya bilmərəm".

Mütəxəssis hər oyuna qələbə üçün çıxdıqlarını bildirib: "Həmişə öz futbolçularımızın işinə sevgi ilə yanaşmasını istəmişik. Həzz almaq üçün qalib gəlmək lazımdır. Bəzən hansısa oyundan sonra arxayınlıq ola bilər. Bunun qarşısını almağa çalışırıq. İnanmıram ki, arxayınlıq olsun. Qarşıdakı matçlarda daha yaxşı çıxış etməliyik".


Digər xəbərlər