Samir Abasov: "Qarabağ" səhvləri bağışlamadı"

  Bölmə: Ölkə futbolu | 1597 | 09:30 08-02-2022
Samir Abasov: "Qarabağ" səhvləri bağışlamadı"

"Rəqib səhvlərimizi bağışlamadı".

Bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Ağdam klubunu qələbə münasibətilə təbrik edib: "Gərgin və maraqlı oyun alındı. Meydanda mübarizə gördük. Futbolçularda əzm və istək var idi. İşimizə davam etməli və səhvləri düzəltməliyik. Komanda ruhunu yaxşılaşdıra bilsək, yeni transferlər də uyğunlaşsalar, daha yaxşı "Neftçi" görəcəyik".

Abasov yeni transfer Gilyerme Patonun çox yaxşı oyun sərgilədiyini söyləyib: "Halbuki, onu pisləyirdilər. Hər bir oyunçuya vaxt lazımdır. İnanıram ki, digər futbolçuların da oyunu düzələcək. Meydanda uduzmaq istəməyən iki komanda var idi. Təəssüf ki, qələbə qazana bilmədik. Komandamın göstərdiyi oyun başlanğıcdır, bizə ümid verir. Digər məqamları da düzəldə bilsək, hər şey daha yaxşı olacaq. Oyunla yanaşı, istək və əzm də lazımdır. Kubokda da işimizi çətinə saldıq".

Baş məşqçi çempionluq şanslarının az olduğunu etiraf edib: "Bugünkü durumda nəsə demək mənim üçün çətindir. Reallıqları qəbul etsək, çempionluq çətin olacaq. Hətta bəlkə də mümkünsüzdür. Amma bunu desəm, məni düz başa düşməyəcəklər. Hər oyuna qələbə üçün çıxacağıq".

O, mövsümün əvvəlində edilmiş transferlərinin uğursuz olduğunu düşünmədiyini deyib: "Digər komandalarda da belə hallar yaşanır. Adlarını çəkməyə ehtiyac yoxdur. Ən arzuolunmaz ayrılıq Romen Baskın gedişi oldu. Biz göndərmədik, özü gedəsi oldu. Qazanılan nəticələrə görə sözümüzü deyəcəyik. Uğursuzluğa gəlincə, hər şeyə rəhbərlik qərar verəcək. Mən özümə vaxt istəmirəm. Reallıqları bilən adamam. Azərbaycanda heç bir baş məşqçi vaxtdan danışa bilməz. Hər bir klubda vəziyyət eynidir"

Abasov digər futbolçuların çıxışına da toxunub: "Bir futbolçu mənim komandamdadırsa, onun uğursuz transfer olduğunu deyə bilmərəm. Amma Xəyal Nəcəfov bu gün meydanda özünü yaxşı tərəfdən göstərdi. Yusuf Lavala diqqət daha da artıb. Əvvəllər daha çox boşluq əldə edirdisə, indi müəyyən çətinliklərlə üzləşir. Sürətinin aşağı düşdüyünü deməzdim. Əksinə, hücumda fəaldır. Ölkə xaricindən də ona diqqət böyükdür. Azər Əliyevin meydana çıxması fiziki durumundan asılıdır. Müəyyən müddət var ki, o dövrü keçməlidir. Bundan sonra daha çox oynamaq şansı qazanacaq. Sezar Meza Kolli isə ilk dəqiqələrdən oynamağa hazır deyildi".

Mütəxəssis ikinci hissədəki oyunçu dəyişikliklərinin səbəbini də açıqlayıb: "Bu, hücumu gücləndirməklə bağlı idi. Sistemi isə dəyişmədik. Bu, rəqibdən də asılı olan məsələdir. Həddən artıq sıx oynayır. Nəyi səhv və ya düz etdiyimizi demək üçün oyunu analiz etmək lazımdır".

Baş məşqçi Sabir Buqrinlə Mamadu Kanenin gedişinin özləri üçün zərbə olduğunu bildirib: "Əsas açar oyunçularımız idi. Saxlaya bilmiriksə, yerlərini doldurmaq lazımdır. Kanenin məsələsi bitib. Son günədək ümidimiz böyük idi. İlkin söhbətlərimiz belə idi ki, futbolçu 90-95 faiz "Nefçti"yə qayıdacaq. Amma Bakıya gələn gün aeroportda bildik ki, "Olimpiakos"a gedəcək. Əvvəlcədən bilsəydik, nə isə edə bilərdik".

Abasovun sözlərinə görə, "Neftçi" üçün hansısa turnir prioritet deyil: "Komandaya bağlı insanların fikri odur ki, hər oyunda qələbə qazanaq".


Digər xəbərlər