Şahmat turnirində qalib gələn jurnalistlər mükafatlandırılıb

  Bölmə: Digər növlər | 191 | 11:35 26-07-2022
Şahmat turnirində qalib gələn jurnalistlər mükafatlandırılıb

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin bağlanış mərasimi keçirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edib. Jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edən federasiya rəhbəri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim media nümayəndələrinə diqqət göstərdiyini qeyd edib.

M.Məmmədov tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsində medianın fədakarlıqla çalışdığını xatırladıb. FIDE rəsmisi peşə borcunu yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalan jurnalistlərin qəhrəmanlığından danışıb.

Sonra mükafatlandırma mərasimi başlayıb. Turnirin əzmkar iştirakçısı kimi Bəxtiyar Məcidli və Elmidar Əliyev, yarışda ən erkən qələbənin müəllifi nominasiyasında Ceyhun Əliyev mükafata layiq görülüb. Yarışın ən həyəcanlı oyunçusu olaraq İlkin Vidadioğlu fərqlənib.

Üçüncü yerin sahibi “Ağ-qara” komandasının üzvləri Sərxan Musalı və İman Məcidova diplomlar, sponsorlar tərəfindən hədiyyələr və pul mükafatı verilib. Mükafatları Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov təqdim edib.

Yarışda ikinci olan “FutbolTrend” komandasının üzvləri Faiq Tahirov və Vüqar İmanov diplom, hədiyyələr və pul mükafatına layiq görülüb. Onlara mükafatları milli komandanın üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov verib.

Media turnirinin qalibi “Goallisimo” komandasının üzvləri Aysel Adıgözəlli və Səddam Laçına diplomlar və 500 manat pul mükafatı təqdim olunub.


Digər xəbərlər