"Atletiko"nun prezidenti Hafiz Məmmədovun qonağı oldu - FOTOLAR

  Bölmə: Ölkə futbolu | 4764 | 11:00 18-10-2017
"Atletiko"nun prezidenti Hafiz Məmmədovun qonağı oldu - FOTOLAR

Oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsi III turu çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun prezidenti Enrike Serezo bir vaxtlar əməkdaşlıq etdiyi tanınmış iş adamı Hafiz Məmmədovun qonağı olub.  “Bakı”nın prezidenti ilə görüş zamanı Serezo Hafiz Məmmədova arxasında onun ad və soyadı yazılmış “Atletiko”nun özəl formasını, eləcə də xüsusi suveniri hədiyyə edib.

Tərəflər görüş zamanı müxtəlif məsələlər, eləcə də gələcək əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

Serezo görüşdən sonra fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb: “Yenidən Bakıda olduğum üçün, eləcə də görüşdüyümüz üçün çox şadam. Hafiz Məmmədov mənim dostumdur. “Land of fire Azerbaijan” brendini daşıdığımız zaman “Atletiko”da çox irəli getdi. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz Məmmədovla yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq”.

İspaniya klubunun rəhbəri “Qarabağ”la görüş öncəsi də fikirlərini dilə gətirib: “Qarabağ”la oyun çox çətin olacaq. İki turdan sonra cəmi 1 xalımız var. Növbəti uğursuzluq bizim işimizi daha da çətinləşdirə bilər. Qrupdan birinci yerlə çıxmağı düşünürdük. Amma belə olan halda alınmaya bilər. Biz mütləq Bakıda qələbə qazanmalıyıq. Əks halda şanslarımız azalacaq”.

Ardınca Hafiz Məmmədov da Serezoya xüsusi hədiyyələrini təqdim edib. “Bakı”nın prezidenti də “Atletiko”nu yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hafiz bəy sabahkı oyunla bağlı suala “Atletiko”ya hörmətimiz böyükdür, amma sabah öz komandamızın, “Qarabağ”ın qələbə qazanmasını istəyirik” deyə cavab verib. 


Digər xəbərlər