Güləşçi Eldəniz Əzizli dünya çempionu olub, Rəsul Çunayev bürünclə kifayətlənib

  Bölmə: Güləş | 6107 | 09:24 27-10-2018
Güləşçi Eldəniz Əzizli dünya çempionu olub, Rəsul Çunayev bürünclə kifayətlənib

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.

Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcü Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub.

2015-ci ilin dünya çempionu Rəsul Çunayev isə 72 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edən Çunayev yarımfinalda almaniyalı Frank Steblerə uduzsa da, medal qarşılaşmasında Abuyazid Mantsiqovu 4:3 hesabı ilə məğlub edib. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.


Digər xəbərlər