İki klubumuz Avropa Kubokuna qələbələrlə başladı

  Bölmə: Digər növlər | 375 | 16:40 28-03-2021
İki klubumuz Avropa Kubokuna qələbələrlə başladı

Azərbaycanın 5 komandası şahmat üzrə klublar arasında Avropa Kubokunda mübarizəyə başlayıb.

Yarışa “Odlar Yurdu”, “Vüqar Həşimov”, “Təhsil İdman”, “Gənclik” və “Nakhchivan - Noah's Land” komandaları qatılıb.

Tərkibi Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimovdan ibarət “Odlar Yurdu” E qrupunda, Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov və Cahandar Azadəliyevlə yarışan “Gənclik” D qrupunda, Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayevdən ibarət “Nakhchivan - Noah's Land” G qrupunda, Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqovla çıxış edən “Vüqar Həşimov” komandası H qrupunda, Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirlidən ibarət “Təhsil İdman” komandası I qrupunda çıxış edir.

D qrupunda “Gənclik” ardıcıl 4 görüşdə qələbə qazanaraq liderliyə yüksəlib. Bu gün rəqiblər qrupun reytinq favoritləri İngiltərə və Fransa klubları olacaq.

E qrupunda “Odlar Yurdu” ilk yarış günündə bütün görüşlərini qələbəylə başa vurub. Ardıcıl 4 turdakı qələbədən sonra Şəhriyar Məmmədyarovun lideri olduğu komanda qrupda ilk sırada qərarlaşıb.

G qrupunda Naxçıvan şahmatçılarından təşkil olunan “Nakhchivan-Noahs Land” yalnız bir qələbə qazanaraq 7-ci sıranı tutur.

H qrupunda “Vüqar Həşimov” komandası iki qələbə ilə qrupda 5-ci sıradadır.

Ən gərgin mübarizə I qrupunda müşahidə olunur. Burada 5 komandanın 4 turdan sonra 6 xalı var. “Təhsil İdman” 5 xalla 6-cı sırada yer alıb.

“Odlar Yurdu” isə qrupunda favorit hesab olunur. Bu komanda ilk oyun günündə əsas rəqiblərini məğlub etdiyi üçün növbəti mərhələyə vəsiqəni demək olar təmin edib.

Qeyd edək ki, 91 komandanın iştirak etdiyi Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.

Şahmatçılar ilk iki yarış günündə təsnifat mərhələsində, ertəsi gün pley-offda, 30-31 martda final oyunlarında iştirak edəcəklər. İlk mərhələdə iştirakçılar hər birində 10 komanda olmaqla 9 qrupa bölünüb. Qrupda ilk iki yeri tutan kollektiv növbəti mərhələyə vəsiqə qazanacaq.


Digər xəbərlər