Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yenidən formalaşdırılması ilə bağlı elan

  Bölmə: Olimpiya Növləri | 235 | 12:09 21-04-2021
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yenidən formalaşdırılması ilə bağlı  elan

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yenidən formalaşdırılması ilə bağlı

E L A N

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinın 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 2021-ci ilin aprelin 20-dən mayın 29-dək Gənclər və İdman Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsinin qeydə alınması prosesi elan edilir.

 

İctimai şuranın 15 nəfər tərkibdə formalaşdırılması nəzərdə tutulur.

Vətəndaş cəmiyyəti institutlarından namizəd barədə aşağıdakı məlumatların rəsmi müşayiət məktubu ilə birgə [email protected] elektron poçt ünvanına təqdim etmələri xahiş olunur:

şəxsiyyət vəsiqəsinin surəti;

namizədin tərcümeyi-halı;

namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;

namizədin gənclər və idman sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədlər (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

 

Müşayiət məktubunun nümunəsi - Əlavə 1.

 

Eyni zamanda namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

 

Bütün sənədələrin eyni zamanda təqdim edilməsi tövsiyə olunur. Namizədin qeydə alınması barədə 3 (üç) iş günü müddətində elektron poçt vasitəsilə bildiriş göndərilir

 

Şəxsin namizədliyinin qeydiyyatından imtina “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin 1.2-ci, 1.3-cü və 2.10-cu bəndlərində göstərilən şərtlərə uyğun olmadığı halda edilir. Bu hal baş verərsə səbəblər göstərilməklə imtina barədə şəxsin elektron poçt ünvanına 3 (üç) iş günü müddətində bildiriş göndərilir. Qeydiyyata alınmamış şəxs bundan müvafiq mərkəzi icra hakimiyyətinə və məhkəməyə şikayət vermək hüququna malikdir.

 

 

 

Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, rəsmi məktubla seçki komissiyasına təqdim edə bilərlər (məktubun nümunəsi - Əlavə 2).

 

İctimai şuraya namizədlərin sənədləri və birgə yığıncaqda iştirak edəcək təmsilçilər barədə məlumatların təqdim edilməsi paralel olaraq aparılır. Namizədliyin irəli sürülməsi 29 may 2021-ci ildə başa çatmasına baxmayaraq, təmsilçilər barədə məlumatların təqdim edilməsi davam edir və seçki gününən 10 (on) gün qalmış dayandırılır. Seçki gününün 2021-ci ilin iyun ayının 15-na kimi elan olunması və 2021-ci ilin iyunun 30-da keçirlməsi nəzərdə tutulur.

 

İctimai şura üzvlüyünə, eyni zamanda birgə yığıncaqda təmsil olunacaq şəxslər barədə yalnız gənclər təşkilatları, idman federasiyaları, eyni zamanda əsas məqsəd və vəzifələri gənclər və idman sahəsini əhatə edən ictimai birliklər və fondlar namizədlərini irəli sürə bilərlər. Bir təşkilat yalnız bir namizəd irəli sürə bilər.

 

İctimai şuranın üzvləri birgə yığıncaq (seçki günü) zamanı gizli səsvermə yolu ilə müəyyən edilir. Birgə yığıncağın tarixi, yeri və keçirilmə saatları əlavə olaraq elan olunacaq və bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc ediləcəkdir. Namizədliyi qeydə alınmış şəxslərə elektron poçt və sms vasitəsilə məlumat göndəriləcəkdir.    

 

QEYD: 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olmuşdur. İndiyədək ictimai şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilmişdir.

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam verilməsi nəzərdə tutulub.


Digər xəbərlər