"Baxmayaraq ki, üç milyon əhaliyə malik Gürcüstan millisində heç legioner belə yoxdur"

  Bölmə: Baş redaktor | 2054 | 12:38 23-04-2021
"Baxmayaraq ki, üç milyon əhaliyə malik Gürcüstan millisində heç legioner belə yoxdur"

2-ci hissə...

Güləşimizdə ən güclü çəki 

Bəli, həqiqətən bəzən yarış meydanlarında elə bir çətin vəziyyət yaranır ki, həmin anda insanı milli qeyrət, vətənpərvərlik amili cuşa gətirir və adama sanki əlavə güc gəlir. Elə Əfqan Xaşalovun da son saniyələrdə hesabı öz xeyrinə dəyişməsi həmin hisslərin nəticəsi idi. Əli Rəhimzadənin (65 kq) bürünc, Turan Bayramovun (70 kq) isə gümüş medal qazanması da böyük uğur oldu. Hətta Turan Bayramov öz doğma çəkisindən (65 kq) bir çəki yuxarı güləşsə də, bunu heç hiss etdirmədi. Əgər Turan Bayramov bundan sonrakı karyerasını 65 kq çəki dərəcəsində davam etdirməyi düşünəcəksə, yaxın illərdə bu çəkidə böyük rəqabətin olacağı gözlənilir. Bu da o deməkdir ki, millimiz beynəlxalq arenalarda bu çəkidə yaxın illərdə həmişə nəticə əldə edəcək. Təsəvvür edin, Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov və ehtiyatda olan digər perspektivli güləşçilərimiz bu çəki uğrunda sözün əsl mənasında rəqabət aparacaqlar. Düzdür, hazırda Hacı Əliyev 65 kq çəki dərəcəsində nəinki Azərbaycanda, dünyada belə liderlər sırasındadır. Əli Rəhimzadə və Turan Bayramov Hacı Əliyevin ustalıq səviyyəsinə çatması üçün hələ biraz da vaxt lazımdır. Onu da qeyd etmək olar ki, Hacı Əliyev Olimpiya Oyunlarında ikinci dəfə medal qazanarsa, böyük ehtimalla o, karyerasını başa vuracaq. İnanırıq ki, Hacı Əliyev Tokioda ən azı medal qazananlar sırasında olacaq. Onun əzmkarlığına da hamı bələddir. O ki qaldı Avropa çempionatında uğur qazana bilməyən digər yerli güləşçilərimizə, onlardan Əşrəf Aşırovu (74 kq) və Rəşad Yusiflini (79 kq) gənc və təcrübəsiz olduqlarına görə qınamaq olmaz. Hesab edək ki, onların yerinə legionerlər gedib, güləşib, uduzub. Biz də onda deyəcəkdik ki, uduzmaq elə uduzmaq idisə, elə gedib özümüzünkülər uduzardı də.

Düzdür, bu ifadə peşəkar prinsiplərə uyğun gəlmir, amma burada məqsəd Azərbaycan güləş məktəbinin zəngin ənənəsinin olduğunu dünyaya tanıtdırmaqdır. Hamı şahidi olsun ki, biz heç də Dağıstan güləş məktəbinə möhtac deyilik. Bizim də öz zəngin güləş ənənələrimiz var. Ümumiyyətlə, bu yarışda legionerlərdən yalnız Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazandı. Amma digər legionerlərimiz Əhmədnəbi Qvarzatilovun,(61 kq) Şamil Zubairovun ( 97 kq ) və Hacımurad Məhəmmədsəidovun ( 86 kq) uğursuzluqlarına görə isə bu cür düşünə bilmərik. (Hacımurad zədə səbəbindən yarışı tam başa vura bilməsə də ilk görüşdə məğlub olmuşdu). Çünki biz onlardan hər vaxt nəticə gözləyirik. Ümumiyyətlə, bütün dünyada legionerləri daha çox yetişmiş, hazır bir idmançı kimi komandaya cəlb edirlər. Yoxsa, biz oturub, illərlə legioner yetişdirəcəyiksə, elə öz məktəbimizin idmançılarını yetişdirərik də. Uduzanda da deyərik ki, eybi yox, təcrübə toplayırlar. Amma bu fikiri Əhmədnəbi Qvarzatilova necə deyək? O, təxminən 10 ildən çoxdur ki, millimizin şərəfini qoruyur. Bəlkə də Əhmədnəbi Avropa, dünya çempionatlarında güləşəndə onun indiki rəqibləri əllərində şar evdə ekran başında oturub onun yarışlarını seyr edirdilər? Amma millinin dağıstanlı üzvü böyüklərdə güləşməsinə baxmayaraq, yeniyetmə dövründə olduğu kimi yenədə səliqəsiz, müdafiə planında diqqətsiz, üslubsuz güləş nümayiş etdirir. Düzdür, bu güləşçinin beynəlxalq yarışlarda uğurları da az deyil. Amma bu o demək deyil ki, kiminsə keçmişdəki uğurlarına görə indi onun uğursuz çıxışına göz yumaq. Necə deyərlər, dünən üçün sağol. Bu gün isə yeni uğur gözləyirik.

Qonşu Gürcüstan nümunəsi

Axı, biz güləş ölkəsiyik, həmişə iddialıyıq. Biz hər yarışa medal üçün çıxan ölkəyik. Özü də yüngül və orta çəkilərdə həmişə Azərbaycanda rəqabət və nəticə olub. Olimpiya qabağı keçirilən və səviyyəcə əvvəlkilərdən aşağı olan belə bir Avropa çempionatında minimum üçlüyə düşməmək millimizin təcrübəli üzvü üçün aşağı nəticə hesab olunmalıdır. Vallah, bizim legionerlərlə nəticədən xaric heç bir qərəzli mövqeyimiz yoxdur. Ən azı millimizin şərəfini qoruyurlar. Bütün dünyada legioner idmançılar var. Baxmayaraq ki, üç milyon əhaliyə malik Gürcüstan millisində heç legioner yoxdur. Amma dünya güləş çapında hazırda liderlər sırasındadırlar.Yeri gəlsə, bizim nəyimiz gürcülərdən əskikdir ki? Artığıq ki, əskik deyilik. Burada qəbahət bir iş də yoxdur. Sadəcə bizə daha usta legionerlər lazımdır.

Əzəli Dağıstan dostluğumuz

Və yaxud da qeyri Olimpiya çəkilərində ümumiyyətlə legionerlər nəyə lazımdır? Məsələ budur. Yoxsa, legionerlərlə bizim nə şəxsi ədavətimiz var? Əslində tarixən bizim Dağıstanla zəngi qonşuluq, dostluq münasibətlərimiz olub. Biz onların yolunun üstündən keçmişik, onlar da bizim yolumuzun üstündən. Çox vaxt içi mən qarışıq gedib, Dağıstanda təlim- məşq, toplanışları keçmişik. Həmişə də bizi yüksək hörmətlə qarşılayıblar. Dini dəyərlərimiz də, əksər adətlərimiz də birdir. Bundan əlavə hamımız qafqazlıyıq. Onlar da bizim balalarımızdır, qardaşlarımızdır. Amma elə dəyərlər, öhdəliklər var ki, hər bir legioner idmançı buna əməl etməlidir. Götürək elə legionerlərin bizim dilimizi öyrənməməsini. Axı, necə olur ki, 10 il ərzində legioner idmançı Azərbaycan dilini öyrənə bilməyib? Pulumuz yaxşıdır, dilimizi öyrənmək yox? Hələ dövlət himnimizi demirəm. Düzdür, millimizin dağıstanlı məşqçisi Zəlimxan Hüseynov yarışlarda ara sıra bizim dildə xalçada güləşən idmançılarımıza azərbaycanca göstərişlər verdiyinin şahidi olmuşuq. Bu yaxşı haldır. Amma azərbaycanlı məşqçinin rus dilində xalçada güləşən idmançıya göstəriş verməsi vallah milli dəyərlərimizə ziddir. Düzdür, zərurətdən hər şey ola bilər, bunu başa düşürük. Ola bilər idmançı yeni legioner həyatına başlayıb hələ dil öyrənmək üçün imkanı olmayıb. Belə olan halda da hətta dil etikasına sadiq qalaraq, hardasa bu işi tərcüməçi yerinə yetirməlidir. Əcnəbi dildə danışmaq ayıb və qadağan deyil. Biz də hərdən evdə, ictimai həyatda və ya məşq proseslərində əcnəbi dildə danışırıq. Amma rəsmi yarışlar zamanı canlı yayımda əcnəbi dildə danışmaq yolverilməzdir. Axı, bizə bütün dünya baxır! Bizi yaxından tanımayan bir xarici vətəndaş deməz ki, bunlar necə müstəqil dövlətdir ki, rus dilində danışırlar? Tanıyan da heç bunu yaxşı hal kimi qəbul etməz. Axı, 10 il millinin şərəfini qoruyan legioner idmançıya necə rusca göstəriş vermək olar? Bunu qonşu Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda və s. doğma dilinə hörmət edən yerli məşqçilər edərmi? Bəlkə də zərurət olmadığı halda əcnəbi dildə danışmaq həmin ölkələrdə məşqçilərə qadağan edilib. Axı bu futbol deyil stadionda azarkeş uğultusundan məşqçinin səsi eşidilməyə.

(Ardı var...)

Ramin Allahverdiyev


Digər xəbərlər