"Tokio-2020 əvvəlki olimpiadalardan daha çətin olacaq"

  Bölmə: Baş redaktor | 2248 | 16:49 25-04-2021
"Tokio-2020 əvvəlki olimpiadalardan daha çətin olacaq"

Azərbaycan xalqı Olimpiya Oyunlarında əsas ümidini güləşə bağlayıb 

Beləcə Avropa çempionatı üzərində çox dayanmayaq. Bildiyiniz kimi ,qarşıdan iki ən önəmli yarış - olimpiadaya lisenziya verəcək dünya təsnifat turniri və Tokio Yay Olimpiya Oyunları gəlir. Bu iki yarış Azərbaycan güləşi tarixində böyük əhəmiyyət kəsb edəcək. Belə ki, lisenziya turnirində qalan çəkilərdə Tokioyaya vəsiqələri təmin etməliyik. Daha sonra gözlər dünyanın ən mötəbər yarışı olan Olimpiya Oyunlarına dikiləcək. Yenə də həmişə olduğu kimi Azərbaycan xalqı Olimpiya Oyunlarında əsas ümidini güləşə bağlayıb. Hamı güləşçilərimizdən medal gözləyir. Açığı mən özüm bir güləş mütəxəssisi kimi fərdi olaraq sərbəst güləşçilər arasında əsas Hacı Əliyevin, qadınlarda isə Mariya Stadnikin medal qazanacağına ümid edirəm. Amma hər şey ola bilər. Yunan-Roma güləşində isə konkret ad çəkmək çox çətindir. Ona görə də klassiklərin yarışında sürpriz nəticəyə daha çox ümid edirəm. Təki hamı medal qazansın. Amma bu, elə də asan məsələ olmayacaq.

Tokio-2020 Azərbaycan güləşinin indiki durumuna görə əvvəlki olimpiadalardan daha çətin olacaq. Nə qədər ki, biz öz məktəblərimizin uşaqlarına yox, hazır yetişmiş legioner idmançılara güvənəcəyik, get-gedə durumumuz hələ daha ağır vəziyyətdə olacaq. Bizim üçün məqsəd 4 ildən bir hansısa Olimpiya Oyunlarından medal qazanıb, statistika cədvəli düzəltmək olmamalıdır. Məgər, güləş deyəndə ağıla təkcə medal gəlməlidir? Bu idmanın görünən tərəfidir. Güləş təkcə idman və sağlamlıq deyil. Güləş bizim milli kimliyimizdir, tariximizdir, mədəniyyətimizdir və ata-babalarımızdan bizə qalma irsdir. Hələ arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyətə, qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, əbədi-tarix mənbələrə, folklora, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş geniş yayılmışdır. "Kitabi - Dədə Qorqud" dastanında və neçə-neçə nağıllarda açıq-aşkar güləşdən bəhs olunur. Oğuz elinin igidləri ilə yanaşı qızları da güləş sənətini sevib və onu mənimsəyiblər. Elə həmin "Kitabi-Dədə Qorqud" dastanlarının əsas qəhrəmanlarından biri Bamsı Beyrəklə Banuçiçəyin qurşaq tutub, güləşməsi də güləşin milli kimliyimizdə nə qədər əhəmiyyətli olduğunu isbatlayır. Bəli, bu diyarda bir neçə təkbətək döyüş sənəti olub ki, onlardan biri də güləşdir. Hansı ki, burada hünər göstərməyən, güləşi bilməyən oğlanlara igid adı yəni kimlik, indiki müasir dildə desək, şəxsiyyət vəsiqəsi verilməzmiş. Məhz bu adı qazandıqdan sonra həmin igidə qız verərlərmiş. Tək ər adına yox, qədimdə igidlik göstəriciləri (normativləri) olmayan kimsə tayfa və qəbilə rəhbəri ola bilməzmiş. Güləşin zənginliyi haqqında çox danışmaq olar. Bax bizim əsas hədəfimiz bu irsi qoruyub, saxlayıb gələcək nəsillərə ötürməkdir.

 

 4-cü hissə

(Ardı var...)

 

Ramin Allahverdiyev


Digər xəbərlər