"Əks-halda güləşin də xilası üçün imam Zamanın zühurunu gözləməli olacağıq"

  Bölmə: Baş redaktor | 2606 | 09:29 26-04-2021
"Əks-halda güləşin də xilası üçün imam Zamanın zühurunu gözləməli olacağıq"

5-ci hissə

 

Güləş tarixi irsimizdir

 

Oğuz elinin qalxanı güləş olanda heç olimpiada yox idi. Sadəcə sivilizasiya dövrümüzdə güləş bir idman növü kimi təkmilləşdiyi üçün daha çox yarış nəticələrinə önəm verilir. Olsun. Bu da lazımdır, medal da lazımdır, reytinq də lazımdır. Amma bu o demək deyil ki, güləşin milliliyi aradan qalxsın. Axı, güləş həm də bizim milli idman növümüzdür. Hardadır bizim milli güləş yarışlarımız? Hardadır bizim cəngimiz? Hardadır bizim güləş evlərimiz? Hamısını bir-bir sökürlər, dağıdırlar, bağlayırlar. Lazım gələrsə, ən azı ləğv edilən 5 belə güləş ocağı adı çəkərəm. Başımız o qədər mötəbər yarışlara, legionerlərə, hər nə olursa, olsun medal, kubok qazanıb, ölkə başçısına göstərib, onun razılığını qazanmağa və mükafatlar, fəxri adlar almağa qarışır ki, keçmişimizi yavaş-yavaş yaddan çıxarırıq. Hər kəs buna görə tarix qarşısında məsuliyyət daşıyır. Gələcək nəsillər bunu bizə bağışlamayacaq. Uzağa getməyək. Təxminən il yarımdır ki, pandemiya səbəbindən ölkədə idman zallarının fəaliyyəti dayanıb. Məşqçilər işsiz qalmaqdan yavaş-yavaş bildiklərini də itirirlər. İdmançılar hərəsi bir yerə dağılıb. Nə qədər qorxa-qorxa, gizlin-gizlin, dağda, dərədə, parkda, şaxtada, boranda hətta evdə məşq etmək olar? Başa düşürük karantin dövrüdür, virusdan qorunmaq lazımdır, qaydalara riayət etmək lazımdır. Amma bu gün ölkədə hansısa bir restoranda, kafedə və ya qapalı məkanlarda 50-100 nəfərin bir yerə yığışmağına icazə verilirsə, niyə də idman zallarının fəaliyyətinə icazə verilməsin? Heç idman zalında 50-100 nəfər də olmur. Nə edək, duraq idman zallarının adını dəyişək yeməkxana, restoran adı qoyaq, məşq keçək? Federasiya, nazirlik, idmana cavabdeh qurumlar və şəxslər üçün nə çətin şeydir ki, epidemioloji qaydalar çərçivəsində zalların fəaliyyətinin bərpası üçün vahid bir paket kimi təkliflər hazırlayıb hökumətə təqdim etmək? Məşqçilər nə yeyir, nə içir, nə işlə məşğuldurlar, heç kim maraqlanmır. Düzdür, elə məşqçilər var ki, fəaliyyət göstərməsə də, dövlətdən əmək haqqı alır. Amma peşəkar və özünə hörmət edən məşqçi bununla da kifayətlənmir. Məşqçinin işi idmançı yetişdirməkdir. Axı, məşqçi işsiz qalanda naşılaşır. Amma özəl sektorda çalışan məşqçilər var ki, yazıqlar hardansa heç qara qəpik də almırlar. Kirayə götürdükləri idman zalının sahiblərinin əksəriyyəti idman zalını qazanc gətirən və icazə statusu olan obyektə çevirib, məşqçiləri də idmançılar qarışıq çöllərə atıblar. Biri elə özüm də məşq keçdiyim ŞÜA İdman Sağlamlıq Kompleksi. Obyektin sahibi böyük güləş zalını avtomobil salonuna çevirdi. Onlarla mənim kimi məşqçi və yüzlərlə idmançı havada qaldıq. Artıq məşqçilərin çoxu öz sənətindən uzaqlaşıb. Taksi sürən kim, mühafizəçi işləyən kim, fəhlə işləyən kim, borcla yaşayan kim. Sonra da deyəcəklər öz məşqçilərimiz işləmir, uşaq yetişdirə bilmir. Daha demirlər ki, indiki durumda məşqçi yetim heç öz doğma balasını saxlaya bilmir, böyüdə bilmir, qalsın idmançı yetişdirə. Olimpiadadan sonra mütləq güləşimizdə sistemli şəkildə dəyişikliklər edilməlidir. Əks-halda güləşin də xilası üçün imam Zamanın zühurunu gözləməli olacağıq.

 

Ramin Allahverdiyev, sərbəst güləş üzrə respublikanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi.

Yazının əvvəlki hissələrini (4 hissə) aşağıdakı linklərə keçid edərək oxuya bilərsiniz.

 

 

http://olimpsport.az/index.php?view=article&id=9674

http://olimpsport.az/index.php?view=article&id=9679

http://olimpsport.az/index.php?view=article&id=9685

http://olimpsport.az/index.php?view=article&id=9691


Digər xəbərlər