28 May – Respublika Günü münasibətilə onlayn konfrans keçirilib

  Bölmə: Digər növlər | 1070 | 10:56 27-05-2021
28 May – Respublika Günü münasibətilə onlayn konfrans keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə, 28 May – Respublika Günü münasibəti ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.

Konfransın proqramına uyğun olaraq, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edənlər – Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov tədbirin məqsədi və əhəmiyyətindən danışıblar. 28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövründən söhbət açıblar, o dövrdə əldə edilmiş uğurlar, Xalq Cümhuriyyətinin qurucuları haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Şərqdə ilk demokratik respublikanın yaradılmasından ötən 103 illik zaman kəsiyini ictimai-siyası, tarixi, ideoloji və müstəqil dövlətçilik ənənələri baxımından təhlil edən natiqlər məhz XX əsrin sonunda ölkəmizin yenidən əldə etdiyi müstəqilliyi ən böyük sərvət kimi dəyərləndiriblər.

Müstəqilliyimizin əbədi və sarsılmaz olması naminə ümummilli lider Heydər Əliyev ideyalarının bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə edilib. Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasətin əsas mahiyyəti bir daha konfrans iştirakçılarının diqqətinə çatdırılıb və Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələr də ətraflı vurğulanıb. Gənclərdə dövlətçilik təfəkkürünün düzgün formalaşması və onların azərbaycançılıq fəlsəfəsi ətrafında sıx birləşərək gələcək inkişaf proseslərinə töhfə verəcəklərinə inam hissi ifadə olunub.

Daha sonra AMEA-nın müxbir üzvü, millət vəkili, professor Musa Qasımlı, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Heydər Əliyev siyasi məktəbini öyrənirik “Gənc liderlər” proqramının məzunu, Vətən müharibəsi iştirakçısı Coşqun Hidayətov və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondunun direktoru, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova çıxış edərək Azərbaycan gəncliyinin uğurlarından, müxtəlif yönümlü gənclər təşkilatlarının həyata keçirdiyi davamlı layihələrdən, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mədəni irsimizə hörmət ruhunda formalaşmasından, danışıblar, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində gənclərin rolunu yüksək dəyərləndirublər.


Digər xəbərlər